Azərbaycanda daha 144 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb

Azərbaycanda daha 144 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb
11:52 27 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) martın 28-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirəcək. 
Komitədən "Report"a bildirilib ki, bu dəfəki hərraca 40 səhmdar cəmiyyəti, 77 kiçik dövlət müəssisə və obyekti, 27 nəqliyyat vasitəsi olmaqla ümumilikdə 144 dövlət əmlakı çıxarılıb. 
Kiçik dövlət müəssisəsi və istifadəsiz qeyri-yaşayış obyektlərinin bir qismi altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Belə ki, tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakının Suraxanı, Sabunçu, Qaradağ, Yasamal, Binəqədi rayonları, Gəncə və Sumqayıt şəhəri, habelə, Kürdəmir, İmişli, Quba, İsmayıllı, Şəki və Masallı rayonlarında yerləşir. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan qeyri-yaşayış sahələri əsasən paytaxtın Binəqədi, Səbail, Yasamal rayonlarında yerləşir. Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiyməti 561 min manata olan qeyri-yaşayış binasıdır. Nəsimi rayonu, Bülbül prospektində yerləşən daşınmaz əmlakın torpaq sahəsi 474,8 kv.m, tikili sahəsi isə 255,5 kv.m-dir. Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 405 min manata Səbail rayonunda qeyri-yaşayış sahəsi, 270 min manata Qaradağ rayonunda Anbar, 369 min manata Sumqayıtda “Laçın” restoranı da var.
Hərraca çıxarılan nəqliyyat vasitələri müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılan nəqliyyat vasitələridir. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin özəlləşdirmə portalında əks olunur. Portalda nəinki nəqliyyat vasitələri, eyni zamanda, hər bir kiçik dövlət müəssisəsi və obyekti, qeyri-yaşayış sahəsi, səhmdar cəmiyyətləri barədə ətraflı məlumatlar və göstəricilərlə, həmçinin yerləşdiyi ərazini göstərən xəritələri və fotolarla tanış olmaq mümkündür. 
Hərraca səhmdar cəmiyyətlərinin nəzarət səhm paketinin isə 30-45%-i çıxarılıb. Özəlləşdiriləcək müəsisələr məişət, təmir-tikinti, sənaye, pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, istehsal, emal və s. sahələrə aiddir. Belə iri müəssisələrə “Ağcabədi Aqrotexservis”, “Astara çay 3”, “Kürdəmir Kəndkimya”, “Ağdaş Quşçuluq”, “Beyləqan Sənaye Kombinatı”, “Port İliç Xidmət”, “Masazır Quşçuluq” kimi səhmdar cəmiyyətləri aiddir.
Qeyd edək ki, hər həftə keçirilən belə hərraclara paytaxt Bakı ilə yanaşı regionlarda olan kiçik dövlət müəssisələri, səhmdar cəmiyyətləri, nəqliyyat vasitələri, dövlət nəfinə müsadirə edilmiş əmlaklar çıxarılır. Özəlləşməyə çıxarılan müəssisələr sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aid olur. 
Bu dəfəki hərraca çıxarılan əmlaklarla üçün aşağıdakı keçiddən istifadə etməklə tanış olmaq mümkündür:
http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1440

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-daha-144-dovlet-emlaki-ozellesdirilmeye-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR