Azərbaycan Texnologiya Universitetində (ATU) “XXI əsr elm-sənaye əlaqələri: nəticələr və perspektivlər” mövzusunda elmi-praktik seminar keçirilib. “Det-Al” Alüminium Kompleksi ilə birgə təşkil olunan seminar əsasən bu sənaye müəssisəsi ilə universitet arasında əməkdaşlıq əlaqələri çərçivəsində görülən işlərin nəticələrinə həsr olunub.
Tədbiri giriş sözü ilə açan ATU-nun rektoru, professor Akif Süleymanov bildirib ki, müasir dövrdə elm və sənaye arasında əlaqələrin genişləndirilməsi həm təhsil sahəsi, həm də istahsalat müəssisələri üçün həyati əhəmiyyət kəsb edir. Universitet-sənaye əməkdaşlığının formalaşması və genişləndirilməsi ilə bağlı müxtəlif nəzəriyyələrin mövcud olduğunu xatırladan rektor qeyd edib ki, bu iki institut arasında əlaqələrinin inkişafı maraqların qarşılıqlı təmin olunmasına əsaslanmalı, prosesə göstərilən dövlət dəstəyi ilə tamamlanmalıdır.
“Det-Al” Alüminium Kompleksinin direktoru Cəmil Səfərov da artıq elm və istehsalatın birgə işinin təşəbbüs yox, zərurət nöqtəsində dayandığını bildirib. O, qeyd edib ki, statistika ölkəmizdə elmi tədqiqatların istehsalata tətbiqinin qənaətbəxş olmadığını göstərir. Buna baxmayaraq müsbət meyillər getdikcə artmaqdadır. ATU ilə “Det-Al” Alüminium Kompleksi arasında səmərəli əməkdaşlığın təşkili də buna əyani misaldır. Bu əməkdaşlıq çərçivəsində ATU-nun alimləri tərəfindən “Det-Al” Alüminium Kompleksi üçün elmi-tədqiqat işinin həyata keçirilməsi, eyni zamanda universitetdə zavod tərəfinən iki metallurgiya laboratoriyasının qurulması deyilənlərin sübutudur.
Sonra Mexanika və texnoloji maşınlar kafedrasının müdiri Nazim
Vəliyev 2016-cı ildə ATU ilə “Det-Al” Alüminium Kompleksi arasında
aparılan elmi-praktik əməkdaşlığın nəticələri haqqında məlumat
verib. Kafedranın əməkdaşları, həyata keçirilən elmi-tədqiqat
işinin əsas icraçılarından Arif Əsgərov “Vərəq-rulon pəstahlarının
istehsalında istifadə edilən maye alüminium ərintilərinin
rafinləşdirilməsi və modifikasiyasının bəzi məsələləri” mövzusunda,
Rövşən Qasımov isə “Sonlu elementlər analizinin universal proqram
sistemi ANSYS və ondan maye metal axınının tədqiqində istifadə
edilməsi” haqqında təqdimatla çıxış ediblər.