"Sosial şəbəkələr və cəmiyyət" müzakirə edildi

"Sosial şəbəkələr və cəmiyyət" müzakirə edildi
13:12 27 Fevral 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün "Müasir İnkişaf" İctimai Birliyinin ofisində təşkilatın təşəbbüsü və təşkilatçılığı ilə "Sosial şəbəkələr və cəmiyyət" mövzusu müzakirə edildi.

Milli.Az xəbər verir ki, "Müasir İnkişaf" İctimai Birliyinin sədr müavini, AMEA-nın əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Aqil Eyvazov tədbiri açaraq mövzunun əhəmiyyətindən, onu müzakirəyə çıxarmaqla sosial şəbəkələrin faydasını və ziyanını təhlil eməyə çalışdıqlarını açıqlayıb. A.Eyvazov sosial şəbəkələr haqqında fikirlərini bölüşüb. O, bundan sonra da mütəmadi olaraq Birlik tərəfindən cəmiyyəti maraqlandıran aktual mövzularla bağlı müzakirələrin təşkil edilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Gənc araşdırmaçı Fuad Əliyev internetin, sosial şəbəkələrin mənfi və müsbət tərəflərindən bəhs edib. Onun sözlərinə görə, sosial şəbəkələr vasitəsilə yaxınlarımızla ünsiyyət qurmaq, informasiya əldə etmək asanlaşıb. F.Əliyev bu işin biznes tərəfinə diqqəti cəlb edib. Çıxışçı sosial şəbəkələrdən çox istifadənin ziyan olduğunu, asılılıq yaratdığını deyib. Bu sahədə mütəxəssislərin tövsiyələrinə uyğun olaraq yeniyetmələrin sosial şəbəkələrdən asılılığını azaltmaq üçün onlardan istifadəni məhdudlaşdırmağı təklif edən F.Əliyev bu məsələdə dövlət qurumları, media ilə əlaqəli şəkildə çalışmağın önəmini söyləyib.

AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə doktoru Rauf Məmmədov bildirib ki, sosial şəbəkələrin qarşısını almaq mümkün deyil. İnformasiyanın önəminə diqqəti cəlb edən alim internet məkanda doğru informasiyanın yalan informasiyalar içərisində itib-batdığını vurğulayıb. Onun dediyinə görə bununla da cəmiyyət idarə olunur. Şəbəkələrin qlobal səviyyədə nəzarətdə olduğunu, onlarla manipulyasiya edildiyini deyən R.Məmmədov onun iqtisadi, siyasi və s. istiqamətdə olan mövzulara təsir etdiyini vurğulayıb: "Ona görə də ona qarşı ən yaxşı mübarizə milli maraqlara uyğun öz məkanını yaratmaqdır. Hazırda dünyada gedən bu proses ənənəvi cəmiyyətlərdəki bütün institutlara dağıdıcı təsir göstərir".

"Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyev bildirib ki, nə qədər çox insanı sosial şəbəkə asılılığından xilas etmək mümkün olarsa o qədər çox faydalı olar. O, maraqlı bir fakta toxunaraq rəhbərlik etdiyi təşkilatın yaranmasının internetdə gənclər arasında gedən müzakirənin səbəb olduğunu söyləyib.

Həkim Anar Həsənli bu sahədə araşdırmaçıların deyimi ilə hazırkı durumu "virtual imperiya", insanları isə "onun qulları" adlandırıb. Onun sözlərinə görə, getdikcə sosial şəbəkələr insanlara, xüsusilə gənclərə daha çox təsir etməkdədir. Kiber hədə-qorxunun 30 faiz qurbanı uşaqlar və yeniyetmələr olur. A.Həsənli eyni zamanda hər bir anını, şəxsi həyatını sosial şəbəkələrdə paylaşan insanların özlərini təsdiq etməyə çalışdıqlarını vurğulayıb.

QHT təmsilçisi Amin Məmmədov Facebook-un karyeraya və iş reputasiyasına təsir etdiyini açıqlayıb.

"Müasir İnkişaf" İctimai Birliyinin sədri, AMEA-nın əməkdaşı Mübariz Göyüşlü təmsil etdiyi QHT-nin 12 ilik fəaliyyəti haqqında qısa məlumat verib. O, sosial şəbəkələrə qarşı durmağın mümkün olmadığını, buna ehtiyac olmadığını söyləyərək bundan düzgün şəkildə yararlanmağı təklif edib. Sosial media haqqında məlumat verən M. Göyüşlü onun sürətlə inkişaf etdiyini, cəmiyyətin həyatının bütün sahələrinə təsir göstərdiyini, yaxın 10 ildə isə bu sahənin ənənəvi mediya ilə müqayisədə daha da irəliyə gedəyinin gözlənildiyini vurğuladı.

"Müasir İnkişaf" İctimai Birliyinin İdarə Heyətinin üzvü, hüquqşunas Fərman Salmanlı və digər çıxış edənlər cəmiyyətin internetin yaratdığı fəsadlara qarşı birgə mübarizə aparmasının vacib olduğunu vurğuladılar.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/521569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR