​10-11-ci siniflərin ləğvi ilə bağlı - AÇIQLAMA!

“10-11-ci siniflərin ləğvi ilə bağlı yayılan informasiyalar yalnışdır”.

Bu sözləri Metbuat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirdi. Onun sözlərinə görə, rayonlarda məktəblərin sayı ümumi sinif kompnentini təyin etmək və normal tədris prosesini həyata keçirməyə uyğun deyil.  Lakin o demək deyil ki, bu gün şagird sayı az olan məktəblərdə 10-11 siniflər olmayacaq:

“Tam orta səviyyədə təhsilin təmayüllər üzrə, yəni bizim bildiyimiz ixtisas qrupları üzrə bölgüsü artıq “Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”da öz əksini tapıb. Burada şagirdlər 9-cu sinfə qədər ümumi əsaslarla təhsilini davam etdirirlər. Onlar bu zamana qədər artıq bütün tədris proqramını bitirirlər. 10 və 11-ci sinifdə onlar hümanitar, texniki, təbiət fənləri üzrə, bir də ümumi əsaslarla bölgü həyata keçirirlər. Yəni, onlar seçdikləri ixtisas üzrə peşəkar səviyyədə hazırlıqlar həyata keçirirlər. Bu, pilot layihə kimi ilkin olaraq 2011-2012 tədris ilində etibarən, ilk olaraq bir neçə tədris müəsisəsində həyata keçirilməyə başlandı. 2015-ci ilin tədris ilindən etibarən pilot layihənin sayı məktəblərdə həmin il üzrə 50-yə, hazırda isə 182-yə çatıb".

Ekspert əlavə etdi ki, bu gün Azərbaycanda fəaliyyət göstərən 4481 ümumtəhsil məktəbinin heç də hamısı 11 illik məktəb deyil:

"Azərbaycanda fəaliyyət göstərən bütün məktəblər üzrə yalnız 341-i 1-ci sinifdən 4-cü sinfə kimi fəaliyyət göstərir. 813 ümumi orta məktəb 1-ci sinifdən 9-cu sinfə qədərdir. 11-ci sinfə kimi tam orta məktəblərin sayı isə cəmi 3304-dür. Bu da ümumi Azərbaycanda fəaliyyət göstərən məktəblər 73,3%-dir.

Rayonlarda məktəblərin sayı ümumi sinif kompnentini təyin etmək və normal tədris prosesini həyata keçirməyə uyğun deyil. Bu, o demək deyil ki, bu gün şagird sayı az olan məktəblərdə 10-11 siniflər olmayacaq. Nəzərə alsaq ki, hazırda 10-cu siniflər gələn il 11-ci sinifdir, deməli, bununla bağlı yayılan informasiyalar yalnışdır. Bundan başqa, bəzi rayonlarda rayon təhsil şöbələri özlərinin məqsədlərinə uyğun olaraq, guya məktəb ərazisində Təhsil Nazirliyi tərəfindən müəyyən sayda məktəblərin təmayül fəaliyyət göstərəcəyi ilə bağlı onlara qərar gəlib. Onlar bu qərarla öz məqsədləri üçün istifadə edirlər və onlara asılı olan məktəbləri 11 illik təhsil formasında saxlamaq istəyirlər".

Kamran Əsədov qeyd etdi ki, məktəblərin tədris və təhsil formasının dəyişdirilməsi, hansısa məktəblərin bağlanılması ilə bağlı heç bir qərar qəbul edilməyib:

"Bu, kütləvi şəkildə olmayacaq. Hansı ki, yaxın ərazilərdə yerləşən bir neçə məktəb var, onlar 9-cu sinfə qədər təhsillərini davam etdirəcəklər. Amma ümumi məktəbdə siniflər üzrə şagirdlərin sayı 20-dən azdırsa, yaxın məktəblərdə şagirdlər həmin məktəblərə gedəcək və təmayüllər üzrə təhsillərini davam etdirəcəklər”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR