"Mikayıl Müşfiqin büstü müvəqqəti olaraq yerləşdiyi ərazidən götürülüb" - RƏSMİ AÇIQLAMA

Füzuli meydanı ətrafında və Təzəpir məscidi istiqamətində aparılan yenidənqurma və abadlıq işləri ilə bağlı "Azəravtoyol" ASC-nin mətbuat xidməti məlumat yayıb.

Metbuat.az-ın məlumatına əsasən, bildirilir ki, aparılan işlər çərçivəsində "Statistika dairəsi"ndə dəyişikliklər nəzərdə tutulub:

“Bu dəyişikliklər çərçivəsində ərazidə yerləşən və tanınmış heykəltaraş, Azərbaycan Respublikasının əməkdar rəssamı Münəvvər Rzayeva tərəfindən 1968-ci ildə yaradılan görkəmli şairimiz Mikayıl Müşfiqin büstü müvəqqəti olaraq yerləşdiyi ərazidən götürülüb. Yəni mətbuatda və sosial mediada abidənin dağıdılması kimi xəbərlərin tirajlanması əsassızdır və həqiqəti əks etdirmir.

“Azəravtoyol” ASC apardığı yenidənqurma işləri zamanı Mikayıl Müşfiqin büstünü uyğun texnologiya əsasında əsərin görünüşündə heç bir dəyişiklik edilmədən ərazidən tam və sağlam şəkildə götürülüb. Hazırda büst və büstün qoyulduğu xüsusi hissənin üzlənməsində istifadə olunan qranit-mərmər də parça və xüsusi materialla örtülmüş şəkildə cəmiyyətin anbarında saxlanılır”.

Qeyd edilib ki, quruculuq-abadlıq işləri tam başa çatdıqdan sonra büstün hazırda yerləşdiyi ərazinin 5-6 metr sağ hissəsində 5 dəfə böyük yaşıllıq parkı salınacaq. Mikayıl Müşfiqin büstü də əvvəlki şəkildə həmin əraziyə qoyulacaq. Yenidənqurma işlərinin 1-1.5 aya yekunlaşdırılması planlaşdırılır.

Xəyalə Məmmədova /Metbuat.az





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR