BMT Dağlıq Qarabağ üzrə danışıqları bərpa etməyə çağırdı

BMT Dağlıq Qarabağ üzrə danışıqları bərpa etməyə çağırdı
04:39 28 Fevral 2017
78 Digər
Ölkə mətbuatı
A- A+

BMT baş katibi Antoniu Quterreş Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır.

 

APA-nın TASS agentliyinə istinadən məlumatına görə, bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bəyan edib.

 

"Baş katib Azərbaycan və  atəşkəs rejiminə əməl etməyə və  tezliklə danışıqları bərpa etməyə çağırır”, deyə S.Düjarrik qeyd edib.

 

O həmçinin vurğulayıb ki, Antoniu Quterreş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun gərginliyin azaldılması, eskalasiyanın qarşısının alınmasına yönələn səylərini birmənalı olaraq dəstəkləyir.

 

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan  SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

 

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268687

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR