Dırnaqlardakı ağ ləkələr hansı xəstəlik əlamətidir - HƏKİM RƏYİ

“Dırnaq mayası tamamilə ağarıbsa, sirroz, bağırsaq xəstəliklərinin göstəricisi ola bilər”.

Bunu Metbuat.az- a açıqlamasında dermatoveneroloq Şikar Hüseynov bildirib. Dırnaqlarda ağ ləkələr tibbi adıyla leykonişiya (“leuko”- ağ; “nychia”- dırnaq) adlanır və dırnaq matriksinin keratinləşməsinin pozulmasına bağlı olaraq yaranır. Ağ ləkələrin nöqtəvari, xəttvari və total (tam) növləri mövcuddur. Həkimin sözlərinə görə, ən çox rastlanan növ nöqtəvari ləkələrdir. Bu ləkələr daha çox dırnaq ləkələri zamanı yaranır. Xəttvari ləkələr isə daha çox onkoloji xəstələrdə kimyaterapiyadan sonra əmələ gəlir, həmçinin bu ləkələrin yaranmasında genetik faktorların da rolu var.

“Dırnaqlarda ağ ləkələrlə müraciət edən xəstələrdə ilk ağla gələn “onikomikoz”- dırnaqların göbələk xəstəliyidir. Bu zaman dırnaq səthi hissəvari və ya tam şəkildə ağarmış olur. Bəzi xəstələrdə dırnaq mayası tamamilə ağarmış olur, buna “leykonişia totalis” deyilir. Bu ağ ləkələr adətən genetik olur və ağarma uşaq doğularkən əmələ gəlir.

Həkimin sözlərinə görə, digər ağarma şəkli “Terry” dırnağı adlanır. Bu zaman dırnağın uc hissəsində qırmızımtıl halqa olur və qalan hissələr ağarmış görünür. Bu daha çox şəkərli diabet, xroniki ürək çatışmazlığından əziyyət çəkən xəstələrdə görülür. Bundan başqa anemiyalar (qan azlığı), qanda dəmir, D vitamini çatışmazlığı zamanı da ağ ləkələr yarana bilər.

Şikar Hüseynov bildirib ki, müraciət edən xəstələrdə öncə dırnaqda göbələk və ya digər infeksiyalar yoxlanılır, genetik və sistemik faktorlar araşdırılır. Əgər daxili orqanlarda problem varsa, öncə əsas xəstəlik müalicə olunmalıdır. Ağ ləkələrin yaranma səbəbi genetik faktordursa, bunun müalicəsi yoxdur.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR