Azərbaycanlı, özbək və çinli iş adamları "Direct Call, Canton Fair" telekörpüsü zamanı biznesi müzakirə edəcəklər

Azərbaycanlı, özbək və çinli iş adamları "Direct Call, Canton Fair" telekörpüsü zamanı biznesi müzakirə edəcəklər
10:17 28 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Cari ilin mart ayının 2-də Bakıda "Park İnn" otelində ilk dəfə olaraq Azərbaycan, Özbəkistan və Çindən olan iş adamları arasında telekörpü təşkil olunacaq. İş adamlarını dünyanın ən iri idxal və ixrac məhsullarının sərgiləndiyi "CANTON Fair" (Çin, Quançjou) yarmarkası ilə birləşdirəcək "Direct Call, Canton Fair" telekonfransı Çin Xalq Respublikasının Ticarət Nazirliyi yanında təsis edilmiş Çin Xarici Ticarət Mərkəzinin (China Foreign Trade Centre") təşkilati dəstəyi, "International Business Travel" şirkəti və Beynəlxalq Biznes və Texnologiyalar Assosiasiyası (BBTA) tərəfindən təşkil ediləcək. 

Tədbir özündə ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində çalışan 70 iştirakçını, iş adamını birləşdirəcək və telekonfrans zamanı azərbaycanlı biznesmenlər müxtəlif suallar ünvanlamaq, qarşılıqlı fayda gətirə biləcək biznes əlaqələrinin qurulması perspektivləri haqda məlumat almaq, onları maraqlandıran məsələlər barədə müzakirələr və həmçinin təcrübə mübadiləsi aparmaq kimi imkana sahib olacaqlar. 

Qeyd edək ki, "CANTON Fair" telekonfransı hər il keçirilir və Çin, Orta Asiya və digər dövlətlərdən olan iştirakçıları birləşdirir. 2015-ci ildə analoji telekörpü "CANTON Fair" sərgisinin təşkilatçıları ilə Özbəkistandan olan müxtəlif iş adamlarını bir araya gətirmişdi və hər iki tərəfdən artan marağa səbəb olmuşdu.

Bu il isə telekonfransın iştirakçılarının coğrafiyanın genişlənməsi və internet vasitəsilə Bakı, Daşkənd və Quançjou şəhərlərindən olan iş adamlarının iştirakı ilə üçtərəfli bir telekörpünün təşkili bu ölkələrin biznesmenləri üçün yeni üfüqlər açacaq.

Ötən illərdə olduğu kimi bu il də iştirakçıların suallarını Çin Xarici Ticarət Mərkəzi yanında Beynəlxalq Əlaqələr İdarəsindən olan xanım Joanna Qu cavablandıracaq. 

"CANTON Fair" ticarət platformasına maraq ilbəil artır və hər il dünyanın müxtəlif ölkələrindən minlərlə iş adamı bu sərgini ziyarət edir. Azərbaycanlı iş adamlarının ölkəmizdə istehsal olunan və geniş çeşidə malik məhsulların ixracına və xarici tərəfdaşlarla yeni əlaqələrin qurulmasına olan marağını nəzərə alsaq, bu telekonfrans Çin, Özbəkistan və Azərbaycan biznes qurumlarını birləşdirə bilən bir körpü ola bilər ki, bu da ticarət əlaqələrinin inkişafına yeni təkan verər. 

Azərbaycandan olan iş adamlarının iştirakı ilə belə tədbirlərin təşkili ticarət və biznesin inkişafı, yeni investisiyaların tapılması və həmçinin Azərbaycan məhsullarının ixracının əhatə dairəsinin genişlənməsi üçün əlverişli şərait yarada bilər.  

"CANTON Fair" haqqında:

Kanton yarmarkası öz miqyası və təklif edilən məhsullar baxımından dünyada analoqu olmayan bir yarmarkadır. Burada çinli sahibkarlarla yanaşı, xarici şirkətlər də öz məhsullarını nümayiş etdirirlər. Kanton yarmarkasında praktiki olaraq texnikadan, bütün növ avadanlıqlardan başlayaraq mebel, geyim və qida məhsullarına qədər geniş çeşiddə məhsullar sərgilənir. Bu sərginin iştirakçılarının sayı artıq 1 milyonu keçib.  


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/521687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR