​Dollarınız varsa, mart ayının sonunu gözləyin!

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirakı ilə keçirilən hərracda dolların məzənnəsi artaraq 1.7514 səviyyəsində müəyyənləşib.

Dolların artımı ilə bağlı iqtisadçı ekspert Pərviz Heydərov Metbuat.az-a açıqlama verib. O bildirib ki,bütövlükdə mart ayı ərzində manat ucuzlaşacaq:

“Fevral başlayandan manat möhkəmlənməkdə idi. Yanvar ayı ərzində isə dollar 8,23 % ucuzlaşmışdı. Fevralda isə bunun əks proseslə əvəz olunacağı məlum məsələ idi. Çünki fevral iqtisadi aktivlik ayı deyil. Odur ki, fevralın 16-na kimi manat bahalaşmaqda oldu. Ayın sonuna doğru isə bu tendensiya da səngidi. Bu gün başa çatmaqda olan ay ərzində manatın 9,87 % dəyər qazandığı qeydə alındı. Hazırda bir neçə gündür ki, yanvardakı tendensiya yenə bərpa olunub. Hesab edirəm ki, bütün bunlar təbii hal olaraq qəbul edilməlidir".

İqtisadçı qeyd etdi ki, mart ayında idxal məhsullarına tələb artır:

"Mart həmçinin bayramlar ayıdır. İstehlak bazarında tələb genişlənməli olur. Əhalinin də xarici valyutaya tələbi artır. Həm bu, həm də digər bir sıra iqtisadi faktorlar səbəbəbiylə valyuta bazarında yenə gərginlik yaranacağı gözləniləndir. Düşünürəm ki, dolların yanvardakı qədər bahalaşacağı müşahidə edilməyəcək. Ancaq bütövlükdə mart ayı ərzində manat ucuzlaşacaq. Və aprelə doğru bu tendensiya yenidən dəyişəcək”.

Xatırladaq ki, bundan əvvəlki hərracda dolların məzənnəsi 1,7475 olub.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR