Mədəniyyət və Turizm Nazirliyi yeni mobil kitabxana proqramını oxuculara təqdim edib

Mədəniyyət və Turizm Nazirliyi yeni mobil kitabxana proqramını oxuculara təqdim edib
18:22 28 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi 5000-dən çox fonda malik olan mobil kitabxana proqramını oxucuların istifadəsinə təqdim edib.
Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, müxtəlif yaş qrupuna və kateqoriyaya malik oxucuları etibarlı, innovativ və operativ kitabxana-informasiya xidmətləri ilə təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın bazası əsasında mobil kitabxana proqramı hazırlanaraq kitabsevərlərin istifadəsinə verilib.
Oxucular “Mobil Kitabxana” - vBooks proqramını Play Marketdən ödənişsiz olaraq “Android” əməliyyat sistemi əsasında işləyən mobil telefona və digər elektron cihazlara yükləyə bilərlər.
“Mobil kitabxana” proqramının elektron məlumat bankına siyasi, hüquqi, iqtisadi, tarix, bədii və uşaq ədəbiyyatı, biznes, menecment, dərslik, mədəniyyət, turizm və müasir elm sahələrinə dair beş mindən çox milli və xarici ədəbiyyat daxil edilib.
Proqramda baza üzrə sərlövhə və müəllifə görə axtarış aparmaq mümkündür. Axtarış sistemi tərəfindən istifadəçiyə kitabın üz qabığı və ona dair qısa informativ məlumat (müəllifi, kitabın adı, İSBN nömrəsi, kateqoriyası, faylın həcmi) ekranda təqdim olunur. Proqramda hər bir oxucu fərdi rəfini yarada və ona lazım olan kitabları bazadan seçərək şəxsi rəfində yerləşdirə bilər. Rəfdə yerləşdirilmiş kitablar üçün əlfəcin funksiyası da nəzərdə tutulub. Yəni hər bir istifadəçi rəfində olan kitablardan birini oxuyub yarıda tərk etdikdən sonra, həmin kitab yenidən seçilən zaman tərk edilmiş səhifədən təqdim olunur. Kitabın mətnində sözə görə axtarış aparmaq, istənilən hissənin surətini çıxarmaq və ya digər əlaqə vasitələri ilə seçilmiş hissəni başqa şəxslərə göndərmək mümkündür. Proqram həmçinin, offlayn rejimində, cihazın İnternetə çıxışı olmadığı zamanda da işlək vəziyyətdə olur. Yəni oxucu bazadan seçərək “Mənim kitablarım” bölməsinə yüklədiyi kitablardan müntəzəm istifadə edə bilər.
Bu mobil proqram vasitəsi ilə oxucular zaman və məkandan asılı olmayaraq, müxtəlif sahələri əhatə edən, mütəmadi yenilənən və çoxspektrli məlumat bazasına çıxış əldə edəcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/edebiyyat/medeniyyet-ve-turizm-nazirliyi-yeni-mobil-kitabxana-proqramini-oxuculara-teqdim-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR