Nazir: "Müasir iqtisadiyyatın qurulması vergi xidməti qarşısında da yeni vəzifələr müəyyən edir"

Nazir: "Müasir iqtisadiyyatın qurulması vergi xidməti qarşısında da yeni vəzifələr müəyyən edir"
20:37 28 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ "Son bir neçə ildə dünya iqtisadiyyatının yeni siklə daxil olması, dünya enerji bazarlarında neftin kəskin ucuzlaşması bütün neft ixracatçısı ölkələrinə, o cümlədən Azərbaycana da təsirsiz ötüşməyib".
"Report" xəbər verir ki, bu fikirlər Azərbaycan vergilər naziri Fazil Məmmədovun Avropadaxili Vergi Administrasiyaları Təşkilatının saytında (www.iota-tax.org) yerləşdirilmiş məqaləsində yer alıb.
F.Məmmədov deyib ki, aşağı neft qiymətlərinin Azərbaycan iqtisadiyyatına təsirinin az olması ölkə Prezidentinin apardığı siyasətlə əlaqədardır: "Belə bir şəraitdə ölkə Prezidenti İlham Əliyev Azərbaycan iqtisadiyyatının liberallaşdırılması, rəqabət qabiliyyətinin artırılmasını, idxaldan asılılığın azaldılmasını, ixracyönümlü qeyri-neft sektorunun əsaslı inkişafının təmin edilməsini, insan kapitalından səmərəli istifadə edilməsi məqsədilə iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılmasını, bu istiqamətdə davamlı və ardıcıl islahatların aparılmasını hökumətin qarşısında 2016-cı il üçün mühüm vəzifə olaraq müəyyənləşdirib. Beləliklə, yeni iqtisadi strategiyanın hazırlanması və müvafiq institusional və konseptual islahatların həyata keçirilməsi ciddi bir zərurət olaraq ortaya çıxıb. Yeni inkişaf dövründə ölkəmizin qarşısında duran məsələlərin həlli və dayanıqlı inkişafa nail olmaq istiqamətində mühüm addımlardan biri də "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiq olunmasıdır. Bu xəritə, eləcə də iqtisadiyyatın 12 əsas sektoru üzrə təsdiq edilmiş strateji yol xəritələri Azərbaycanın yaxın gələcək üçün hədəflərini və prioritet inkişaf istiqamətlərini müəyyən edən fundamental sənəd toplusu olmaqla, ölkənin yeni iqtisadi modelinin əsasını təşkil edir. Strateji yol xəritələri 2016-2020-cı illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üzrə qarşıya qoyulmuş hədəfləri özündə əks etdirir. İqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlilinə əsaslanan bu sənədlərdə ayrı-ayrı sektorların inkişaf istiqamətləri, rəqabət qabiliyyətliliyin daha da artırılması, investisiyaların cəlbi, azad rəqabət mühiti, dünya bazarlarına çıxış, Azərbaycanın dünya iqtisadiyyatında mövqeyinin və etibarlı tərəfdaş imicinin gücləndirilməsi əsas vəzifələrdən biri kimi müəyyən edilib".
Nazir Azərbaycanda qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyası üçün atılan addımları mühüm və uğurlu siyasətin tərkib hissəsi kimi görür: "Yeni çağırışların yarandığı dövrdə Azərbaycanın iqtisadi prioritetləri, bunların həyata keçirilməsi yolları, o cümlədən 2017-ci ildə ölkəmizin qarşısında duran əsas məsələlər ölkə Prezidenti İlham Əliyevin Davos Forumunun saytında yayımlanmış məqaləsində geniş şərh edilir. Yeni erada qarşıda duran əsas məqsədlər sırasında iqtisadiyyatda qeyri-neft sektorunun diversifikasiyası prosesinin dərinləşdirilməsi, maliyyə sisteminin sağlamlaşdırılması, əhalinin gəlirlilik səviyyəsinin və məşğulluğunun artırılması da yer alır. Hazırda Azərbaycanda struktur və institusional islahatlar davam etdirilir, iqtisadi potensialın gücləndirilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının artırılmasına, aqroparkların və iri fermer təsərrüfatlarının, sənaye parklarının və zonalarının yaradılmasına, ölkənin tranzit və logistik potensialının yüksəldilməsinə dövlət tərəfindən güclü dəstək verilir. Bunlarla paralel dövlət idarəetmə sistemi təkmilləşdirilir, bütün sahələrdə, o cümlədən vergi və gömrük sistemində şəffaflıq təmin edilməkdədir".
F.Məmmədovun fikrincə Azərbaycanda vergi sahəsində əldə edilən nailiyyətlər kifayət deyil: "İslahatları dəstəkləyən mühüm dövlət qurumu rolunda çıxış edən milli vergi sistemi, öz növbəsində, daim iqtisadi situasiyanın dəyişməsinə operativ və adekvat reaksiya verməkdədir. Son illərdə vergi sisteminin inkişafına, vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsinə, institusional potensialın gücləndirilməsi istiqamətində əsaslı nailiyyətlər əldə edilməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının yeni inkişaf istiqamətləri, biliklərə əsaslanan müasir iqtisadiyyatın qurulması vergi xidməti qarşısında da yeni vəzifələr müəyyən edir. Bu vəzifələrin sırasına ilk növbədə iqtisadi siyasətin mühüm qolu olan və biznes fəaliyyətinin tənzimlənməsində effektiv alət hesab edilən vergi siyasətinin tənzimləyici rolunun artırılması, əlverişli, şəffaf və cəlbedici vergi mühitinin formalaşdırılması, vergi inzibatçılığının yeni səviyyəyə qaldırılması, sahibkarlar üçün xidmətlərin təkmilləşdirilməsi və müasir korporativ idarəetmə sisteminin qurulması daxildir".

Xəbərin orijinal ünvanı: https://report.az/i-qtisadiyyat/nazir-muasir-iqtisadiyyatin-qurulmasi-vergi-xidmeti-qarsisinda-da-yeni-vezifeler-mueyyen-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR