"Bu məsələ Rusiyanın və İranın marağındadır"

"Bu məsələ Rusiyanın və İranın marağındadır"
08:05 1 Mart 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

İran prezidenti Həsən Ruhaninin Moskvaya səfəri zamanı iki ölkənin rəsmiləri arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılacaq müzakirələrin nəticələrinin münaqişənin həllinə qısa müddətdə müsbət töhfə verəcəyini gözləmək olmaz.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin (MM) sədr müavini, Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova İran prezidenti H.Ruhaninin martın sonlarında Moskvaya gözlənilən səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da müzakirələrin aparılacağı barədə məlumatlara münasibət bildirərkən deyib.

MM sədrinin müavini hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirənin aparılması Rusiyanın və İranın marağındadır.

Onun sözlərinə görə, H.Ruhaninin səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsinin aparılması normaldır. Çünki Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkədir. İran isə regionda həm Azərbaycana, həm də Ermənistana yaxın olan ölkədir: "Ona görə də bu məsələnin müzakirə olunması təbii qarşılanmalıdir. Çünki regionu Dağlıq Qarabağ məsələsi kimi böyük problem təhdid etdikcə, münasibətlərin tam şəkildə, normal məcrada olacağını düşünmək sadəlöhvlük olardı. Ona görə də hesab edirəm ki, bu müzakirənin aparılması hər iki ölkənin marağındadır. Marağında həm də ona görə olmalıdır ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapsın. Amma müzakirələrin nəticələrinin münaqişənin həllinə, yəni Azərbaycanın ədalətli maraqlarına və mövqeyinə uyğun şəkildə qısa müddətdə töhfə verəcəyini düşünmürəm. Hər halda, məsələni gündəmdə saxlamaq və problemin həllinin vacibliyini vurğulamaq baxımından müzakirənin effektli olacağını düşünmək olar".

B.Muradova hesab edir ki, H.Ruhaninin səfərinin ilk növbədə Rusiya ilə İran arasındakı əlaqələr baxımından daha əhəmiyyətli olacağı şübhəsizdir.

Azərbaycanın İranla münasibətlərə daim yüksək əhəmiyyət verdiyini deyən B.Muradova onu da əlavə edib ki, dövlətin yüksək səviyyəli rəsmilərinin qarşılıqlı səfərləri zamanı bu fikirlər daim səslənib və onlar müxtəlif bəyanatlarda öz əksini tapıb.

Azərbaycanın İranla bütün istiqamətlər üzrə əməkdaşlıqda maraqlı olduğunu deyən B.Muradova Rusiya ilə də münasibətlərə də yüksək diqqət yetirildiyini söyləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/522086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR