Lerikin Orand kəndində 4 nəfərin ölümünə səbəb olan ev
söküləcək. Hazırda əşyalar uçqun altından çıxarılır.
Bu barədə AzVision.az-a ev sahibi, kəndin bələdiyyə sədri Hamil
Mustafayev deyib. Onun sözlərinə görə, uçqun altında qalan ev
yararsız vəziyyətə düşüb.
“Orada yenidən ev tikmək risklidir. Biz həmin evi bərpa etsək,
təhlükəli ola bilər. Kömək etsələr başqa yerdə ev tikə bilərik.
Bizim öz hesabımıza ev tikməyə imkanımız yoxdur. İcra başçısı
Rövşən Bağırov hadisə yerinə gələndə bizə köməklik göstərəcəyini,
aidiyyatı qurumlara məlumat verəcəyini deyib”.
Dağıntıdan sağ çıxmış azyaşlı Elcanın vəziyyətinin normal olduğunu
deyən H.Mustafayev onun iki gün əvvəl xəstəxanadan evə
buraxıldığını söyləyib.
Lerik Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil
sektorunin aparıcı məsləhətçisi Raul Xanıyev bildirib ki, qar
uçqunu altında qalmış evin tikilməsi üçün müvafiq qurumlar
qarşısında vəsatət qaldırılıb: “İcra başçısı Rövşən Bağırov hadisə
yerində olub. Evin tikilməsində ailəyə maddi yardım
göstəriləcək”.
Qeyd edək ki, bir neçə gün öncə Lerikin Orand kəndində qar uçqunu
olub. Uçqun nəticəsində Əhliman Mustafayevin həyat yoldaşı 1961-ci
il təvəllüdlü Mustafayeva Şövkət Mirzəməmməd qızı, gəlini, 1995-ci
il təvəllüdlü Mustafayeva İlahə Vüqar qızı, nəvəsi, 2015-ci il
təvəllüdlü Mustafayeva Zəhra Qasım qızı və digər nəvəsi, 2016-cı
ildə anadan olmuş Mustafayev Uğur Qasım oğlu vəfat edib. Azyaşlı
Elcan uçqun altından sağ çıxarılıb.