AFFA rəsmiləri Tbilisidə keçirilən UEFA GROW sammitində iştirak edir

AFFA rəsmiləri Tbilisidə keçirilən UEFA GROW sammitində iştirak edir
11:42 1 Mart 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

Tbilisi. 1 mart. REPORT.AZ/ Azərbaycan nümayəndə heyəti Gürcüstanın paytaxtı Tbilisidə işə başlaşan UEFA-nın GROW sammitinə qatılıb. 
“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov təqdimatla çıxış edib. Baş katib AFFA-nın 5 illik fəaliyyət strategiyası, kütləvi futbolun inkişafı ilə əlaqədar şərqi və qərbi Avropa ölkələrinin fərqli xüsusiyyətləri barədə məlumat verib. 
Sammitə AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev, millinin keçmiş qapıçısı Cahangir Həsənzadə də qatılıb. 
Tədbirdə, əsasən kütləvi futbolun inkişaf perspektivləri, Qərbi və Şərqi Avropa ölkələrində idmanın, xüsusən də futbolun kütləvi inkişafı məsələləri müzakirə olunur. Sammitdə dünyanın idman mütəxəssisləri, UEFA nümayəndələri ilə yanaşı, Şərqi Avropa ölkələrinin dövlət və hökumət üzvləri iştirak edirlər.
UEFA-nın marketinq üzrə meneceri Noel Muni tədbiri açaraq dünyada və Avropada idmanın inkişafı, kütləvi futbolun, eləcə də UEFA-nın inkişaf proqramının əhəmiyyəti barədə məlumat verib.
Sonra Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze çıxış edərək ölkəsində idmanın inkişafı sahəsində görülən işlərdən danışıb.
Sammitdə bildirilib ki, 3 il əvvəl UEFA GROW (İnkişaf) 2020 pilot layihəsinin icrasına başlayıb. Avropanın 55 ölkəsinin qoşulduğu layihə əsasən futbolun inkişafının 4 istiqamətini müəyyən edib. Bunlar kütləvi futbolun inkişafı, futbol əlaqələrinin idarə olunması, rəqəmsal idarəetmə, iştirak və kommersiya istiqamətləridir.
Qeyd olunub ki, bu gün Qərbi Avropa ölkələrində futbolun kütləvi inkişafı bütün təbəqələri əhatə edir. Müxtəlif ölkələrdə dövlət və qeyri-hökumət təşkilatları ilə yanaşı ailələr də bu işə fəal qoşulublar. Şərqi Avropa ölkələrində isə kütləvi futbolun inkişafı ilə əsasən federasiyalar məşğul olurlar. Sammitə dövlət və hökumət üzvlərini dəvət olunması Şərqi Avropada kütləvi futbolun inkişafına dövlət strukturlarının marağını artırmaqdır.
Tədbirdə kütləvi futbolun inkişafı sahəsində Qərbi Avropa ölkələrinin təcrübəsi barədə məruzələr dinlənilib, bu təcrübənin tətbiqi yolları müzakirə olunub.




Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-tbiliside-kecirilen-uefa-grow-sammitinde-istirak-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR