Aynur Camalqızı: “İnsanlar var ki, səhər yuxudan oyanan kimi Publika.az-ı axtarır”

Aynur Camalqızı: “İnsanlar var ki, səhər yuxudan oyanan kimi Publika.az-ı axtarır”
12:33 1 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bu gün Publika.az saytının 5 yaşı tamam olur. Sayt 2012-ci ilin 1 martında fəaliyyətə başlayıb.Saytda xəbərlərlə yanaşı, geniş araşdırmalar, təhlillər, müsahibələr, həmçinin, oxucunu maraqlandıran layihələr yer alır.

Portalın iş prinsipi gündəmə uyğun xəbərlər hazırlamaq, yeni informasiya istehsal etmək və oxucunu məlumatlandırmaqdır.

Modern.az saytı Publika.az-ın daxil olduğu “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızının təəssüratlarını öyrənib:

-Aynur xanım, Publika.az saytının 5 yaşı tamam olur. Öncə sizi və kollektivinizi təbrik edirik. 5 yaşlı saytın rəhbəri olaraq, ötən 5 il ərzində publikaya nə dərəcədə xidmət edə bilmişiniz?

-Jurnalistikaya, xəbər mühitinə, informasiya texnologiyalarına az-çox bələd olan adamlar bilir ki, bu sahə çox gərgin işdir. Bu həm də həyatımızın mənasına, peşəsinə çevrildiyinə görə sevdiyimiz işdir. Sevinirəm ki, ürəyimcə olan və bacardığım işlə məşğulam. Jurnalistika çox maraqlı sahədir. Yanılmıramsa, dünyada belə bir ifadə var: “3 maraqlı peşə sahəsi var - şou-biznes, siyasət və jurnalistika”.

3 maraqlı sahədən biri ilə məşğuluq. Düşünürəm ki, bu 5 ildə uğur qazanmışıq. Öz auditoriyamız, oxucularımız var. İnsanlar var ki, səhər yuxudan oyanan kimi kompüterin arxasına keçərək Publika.az saytını axtarmağa vərdiş edib. Düşünürəm ki, bu, böyük uğurdur. İnsanın öz auditoriyasının, oxucu kütləsinin olması ürəkaçan haldır. 5 il öncə Azərbaycanın xəbər məkanına hansı vədlərlə gəlmişdiksə, o vədlərimizi doğrulda bilmişik. Az müddət ərzində uğur qazana bilmişik. Azərbaycanın sayılıb-seçilən media orqanları sırasına daxil ola bilmişik. Düşünürəm ki, bu, sevindiricidir. Mediada uğur qazanmaq təkcə maliyyə ilə ölçülmür. Bunun üçün həm də çox böyük əzm, iradə, dözüm tələb olunur. Sadaladığım şərtlər bizdə olduğuna görə Publika.az kollektivi ilə böyük əzmlə çalışdıq və digər media orqanlarının 10-15-20 ilə getdikləri yolu biz az müddətdə qət edə bildik.

-Xanım olaraq, böyük kollektivə rəhbərlik etməyin öhdəsindən gəlməkdə çətinlikləriniz olurmu? Bir tərəfdə böyük kollektiv, digər tərəfdə ailə və uşaqlar.

-Bu iş nə qədər sevdiyimiz iş olsa da, bir o qədər gərgin və stressli işdir. Kollektivdə çalışan insanlar, onların şəxsi problemləri, gündəlik qayğıları, məişət çətinlikləri gördüyümüz işlərlə bərabər çiynimizdədir. Təbii ki, bunun məsuliyyətini hiss edirəm. Düşünürəm ki, menecerlik, rəhbərlik məsələsində qadın-kişi söhbətini aparmaq həm düzgündür, həm də yox. O baxımdan düzgündür ki, qadınlar kişilərdən daha yaxşı menecerdir. Qadınlar kişilərdən fərqli olaraq, məişət problemlərini, çətinlikləri daha yaxşı və dərin bilirlər. Kollektivimdə çalışan işçilərdən hansısa problemilə bağlı mənə müraciət edəndə, elə bilirəm ki, mənim problemimdir. Çünki o problemin nədən və nə qədər dərin olduğunu, insanı necə narahat etdiyini çox yaxşı bilirəm. Təbii ki, işin bu tərəfi də çətindir.

-2015-ci ildə ölkədə manatın devalvasiyaya uğraması bütün sahələrdə hiss olunmağa başladı. Belə deyək, iqtisadi və maliyyə problemlərimiz yarandı. Media da bu məsələlərdən yan keçmədi. Bilmək olarmı, iqtisadi və maliyyə problemlərinin içində böyük kollektivin rəhbəri olaraq hansı çətinliklər yaşadınız?

-Düzdür, son illər maliyyə gəlirləri nəzərəçarpan dərəcədə azalıb. Bütün sahələrdə olduğu kimi, mediaya da çox təsir edib. Hər birimiz bunu öz həyatımızda, məişətimizdə dərindən hiss edirik. Çox sevinirəm ki, həmkarlarım, mənimlə birgə çalışan jurnalistlər, dostlarım həm də fədakardırlar. Bu gün Azərbaycan reallığında gəlirlərimizın aşağı düşməsinə baxmayaraq, onların hər biri fədakarcasına çalışır və birincilik uğrunda mübarizə aparırlar. Buna görə onların hər birinə təşəkkür edirəm. Həmçinin, hər bir işin yaxşı sonluqla bitəcəyinə hər zaman inanmışam. İndi də bu çətinliklərin, problemlərin müvəqqəti olması fikrindəyəm. İnanıram ki, bunun da öhdəsindən gələcəyik.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/189740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR