Ombudsmanın illik məruzəsi Milli Məclisdə müzakirə olunub

Ombudsmanın illik məruzəsi Milli Məclisdə müzakirə olunub
13:17 1 Mart 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.
“Report”un xəbərinə görə, iclasda Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi müzakirə olunub.
İllik məruzəni Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı təqdim edib.
Sonra çıxış edən deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Ombudsman Aparatı media ilə bağlı lazımi işləri görməyib: “Bir müddət əvvəl təklif vardı ki, Azərbaycanda İnformasiya Ombudsmanı yaradılsın. Amma, təəssüflər olsun ki, bu olmadı. Nəzərdə tutulan səlahiyyətlər Ombudsman Aparatına verildi. 2016-cı il üzrə illik məruzədə media ilə bağlı rəqəmlər əksini tapmayıb. Bu sahədə görülən işlərdən narazıyam”.
Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib ki, müraciətlərin olmaması Ombudsman Aparatının bu sahədə işləməməsi anlamına gəlməməlidir. O qeyd edib ki, bu məsələdə maarifləndirmə işləri aparılmalıdır.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qurumun müstəqil olmaması ilə bağlı deyilənlərə münasibət bildirib: “Bunu deyən təşkilatlar Azərbaycanla bağlı bir neçə dəfə müraciət ünvanlayıb. Onların mövqeyi düşmən mövqeyidir”.
Komitə sədri Bahar Muradova da deyilənlərə münasibət bildirərkən bildirib ki, Ombudsman Aparatının müstəqil olmamasını iddia edənlər qərəzlidir: “Bu qurum işlərini normal şəkildə həyata keçirir. Bu cür iddiada olanlar Azərbaycanın uğurlarına qısqanc yanaşan insanlardır”.
B.Muradova cəbhədə qarşıdurma xəttində baş verənlərlə bağlı da danışıb. O bildirib ki, cəbhə xəttində insanların hüquqları pozulur: “Vətəndaşların beynəlxalq təşkilatlara müraciətinə şərait yaratmaq lazımdır. Ombudsman Aparatı bu istiqamətdə iş görülməlidir. Biz də üzərimizə düşən işi yerinə yetiririk. Orada insan hüquqları pozulur, bu, diqqət mərkəzində olmalıdır”.
Deputat Yevda Abramov da insan hüquq və azadlıqları sahəsində Azərbaycanla bağlı neqativ hesabat yayan beynəlxalq təşkilatları tənqid edib. O deyib ki, həmin təşkilatlar Azərbaycanın uğurlarını qəbul etmək istəmirlər.
Milli Məclisin deputatı Tahir Kərimli illik məruzənin qənaətbəxş olduğunu deyib, təkliflərlə çıxış edib.
İllik məruzə müzakirə edildikdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/ombudsmanin-illik-meruzesi-milli-meclisde-muzakire-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR