Nüvər Xasıyev işdən çıxarıldı

Nüvər Xasıyev işdən çıxarıldı
13:17 1 Mart 2017
120 İdman
Ölkə mətbuatı
A- A+

Gənclər və İdman Nazirliyinin futbol sektorunun müdiri Nüvər Xasıyev tutduğu vəzifədən azad olunub. Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, N.Xasıyev 65 yaşı tamamlandığı üçün təqaüdə göndərilib.


Bununla əlaqədar nazir Azad Rəhimov ona uzun illər ərzində göstərdiyi xidmətləri qarşılığında təşəkkürünü bildirib. S.Məmmədova hələlik vakant posta yeni təyinatın olmadığını əlavə edib.


N.Xasıyevin özü isə "Report"a açıqlamasında istefasını belə şərh edib: "Yanvarın 10-da 65 yaşım tamamlandı. Pensiya yaşı çatan daha 4 əməkdaşımız müqavilə üzrə işini davam etdirmək üçün ərizə yazmışdı. Mən də ərizə yazsaydım, onlardan birinin ərizəsinə baxılmaya bilərdi. Bunu isə özüm istəmədim. Çünki səhhətimdə problemlər var. Nəticədə nazir Azad Rəhimov məni qəbul etdi və təşəkkürünü bildirərək, yola saldı".


Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin idman şöbəsi tabeliyində 6 sektor fəaliyyət göstərir. Nüvər Xasıyevdən əvvəl İradə Rüstəmzadə dopinqə qarşı mübarizə, Mütalib Həsənov isə idman məktəbləri sektorunun müdiri vəzifəsindən azad olunub. Nicat Həsənov silsiləvi və oyun idman növləri, Cəbrayıl Həsənov tətbiqi idman növləri, Aydın Məmmədov kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri kimi fəaliyyətini davam etdirir. Kadr islahatları idman şöbəsinə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovun rəhbərlik etməsindən sonra aparılıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-nuvr-xasyev-idn-cxarld-t56602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR