Azərbaycan gəncləri Polşada keçirilən seminarda iştirak ediblər

Azərbaycan gəncləri Polşada keçirilən seminarda iştirak ediblər
13:32 1 Mart 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

Varşava. 1 mart. REPORT.AZ/ Fevralın 22-23-də Varşava şəhərində Polşa Milli Təhsil Nazirliyinin təşkilatçılığı ilə Vişeqrad qrupu və "Şərq Tərəfdaşlığı" proqramı ölkələrinnin nümayəndələri üçün “Gənclərin İnsan Hüquqları naminə” mövzusunda seminar keçirilib. 
Azərbaycanın Polşadakı səfirliyindən “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, tədbirdə ölkəmizi Müşfiq Cəfərov (Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi), Nadir Bayramov (Şuşa rayon Gənclər və İdman İdarəsinin rəisi), İlhamə Qasımzadə (Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının beynəlxalq əlaqələr üzrə koordinatoru), Fərahim Əkbərov (Avropanın Gənc Azərbaycanlı Dostları Assosiyasiyasının sədri) və Ülvi Əhmədov (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Azərbaycan İctimai Biryliyinin layihələr üzrə direktoru) təmsil ediblər. 
Seminarda rəqəmsal mühitdə insan hüquqları, gənclərin vətəndaş cəmiyyətində, xüsusilə gənclər təşkilatlarında insan hüquqları sahəsində iştirakı, insan hüquqları sahəsində gənclərin fəaliyyətinə dəstək vermək üçün sektorlarası əməkdaşlıq və digər mövzularda müzakirələr aparılıb.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov seminarda ölkəmizi təmsil edən gənclərlə görüş keçirib. Görüşdə səfir gəncləri maraqlandıran sualları cavablandırıb, Azərbaycan dövlətçiliyi, müasir xarici siyasət, ölkəmizin maraqlarında olan aktual məsələlər, eyni zamanda Azərbaycan və Polşa əlaqələrinin tarixi və hazırkı vəziyyəti, həmçinin səfirliyin fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib. Bununla yanaşı, milli dəyərlər ətrafında gənclərlə fikir mübadiləsi aparılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/azerbaycan-gencleri-polsada-kecirilen-seminarda-istirak-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR