MİDA-nın rəhbəri “Caspian European Club”un qonağı olub

MİDA-nın rəhbəri “Caspian European Club”un qonağı olub
14:27 1 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ Bu gün Bakıda “Caspian European Club” (“Caspian Business Club”) və “Caspian American Club”un təşkilatçılığı ilə biznes-forum keçirilir. 
"Report"a daxil olan məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktoru Samir Nuriyev iştirak edib və güzəştli mənzillərin tikintisi ilə bağlı əsas məsələlər müzakirə edilib. 
O, rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirilən layihələri barədə məlumat verib.
Bununla yanaşı, görüşdə özəl sektorla əməkdaşlığın mümkün istiqamətləri, habelə “Caspian European Club” və “Caspian American Club”-un üzvləri olan şirkətləri maraqlandıran digər mövzular ətrafında müzakirə aparılıb. Dövlət və sahibkarlar arasında səmərəli dialoqun qurulması üçün yaradılmış şəraitə görə klubun rəhbərliyinə minnətdarlığını bildirən S. Nuriyev hökumətin sosial siyasətinin reallaşdırılmasında özəl sektorun iştirakının əhəmiyyətli olduğunu qeyd edib.
Eyni zamanda, MİDA rəhbəri, biznes-forum iştirakçılarını “Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən güzəştli mənzil bazarının inkişaf prioritetləri haqqında da məlumatlandırıb. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli müvafiq Fərmanı ilə təsdiq edilən bu strateji sənədə istinad edən direktor güzəştli mənzillərin tikintisi layihələrinin reallaşdırılmasının mümkün mexanizmləri və dövlət-özəl əməkdaşlıq modelləri barədə də danışıb.
“Caspian European Club” sədrinin I müavini və baş icraçı direktoru Telman Əliyev bu qurumun 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradıldığını xatırladıb. Onun sözlərinə görə, “Caspian European Club”təsis olunduğu ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir: “Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır”.
Biznes-forumda şirkət rəhbərləri və səfirlər, bir sıra diplomatik qurumların və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə və Avropa İttifaqının 100-dən artıq biznesmeni iştirak ediblər. Tədbirdə S. Nuriyevə “Caspian European Club” və "Caspian American Club"un fəxri üzvlük sertifikatı təqdim edilib.
Qeyd edək ki, “Caspian Energy”, "Caspian European Club”, "Caspian Business Club”, “Caspian American Club” və CEO qeydiyyatdan keçmiş ticarət nişanıdır və “Caspian Energy International Media Group”a məxsusdur.









Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/mi-da-nin-rehberi-caspian-european-club-un-qonagi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR