Şimali İrlandiya yığmasının futbolçusu: "Norveç və Azərbaycanla oyunlarımız həlledici olacaq"

Şimali İrlandiya yığmasının futbolçusu: "Norveç və Azərbaycanla oyunlarımız həlledici olacaq"
16:52 1 Mart 2017
136 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Şimali İrlandiya millisinin futbolçusu Kris Brant 2018-ci il dünya çempionatının seçmə mərhələsində yer aldıqları C qrupunda komandasının şanslarını dəyərləndirib. "Report"un məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi fifa.com-a açıqlamasında Almaniyanın qrup qalibi kimi Rusiyada keçiriləcək final mərhələsinə vəsiqə qazanacağına inam ifadə edib.
İngiltərə "Vest Bromviç"inin oyunçusu bildirib ki, Bundestimin bu vəzifənin öhdəsindən gələ bilməməsi sürpriz olardı. Brant qrupda ikinci pilləni Şimali İrlandiya üçün real hədəf adlandırıb. Hazırda düzgün yolda olduqlarını bildirən təcrübəli orta sahə oyunçusunun fikrincə, Norveç və Azərbaycan yığmaları ilə keçirəcəkləri növbəti iki oyun həlledici ola bilər: "Xüsusən, martın 26-da Norveçlə keçirəcəyimiz ev oyununu nəzərdə tuturam. Rəqibin baş məşqçisi Lars Lagerbek beynəlxalq arenada böyük uğur qazanıb. O, komandasını gözəl hazırlayacaq. Yaxşı nəticə əldə etmək üçün bizi "sındırmağ"a çalışacaqlar. Amma biz doğma "Vindsor Park"da kifayət qədər güclü təsir bağışlayırıq. Ev oyunlarmızda qalib gəlməkdə davam etsək, yaxşı şanslarımız olacaq".
Şimali İrlandiya millisi seçmə tsikldə son seçmə oyununu 2016-cı il noyabrın 11-də elə "Vindzor Park"da Azərbaycan yığmasına qarşı keçirib. Həmin tarixdən 4 ayadək vaxt keçdiyindən, britaniyalıların 26 mart qarşılaşmasına köklənmələrində problem ola bilər. Lakin Brantın sözlərinə görə, komanda üzvləri tezliklə bir araya gələrək, seçmə mərhələ barədə daha çox danışmağa başlayacaqlar: "Biz Norveçlə oyuna tam köklənəcəyik".
Qeyd edək ki, Şimali İrlandiyanın evdə Azərbaycan millisinə 4:0 hesabı ilə qalib gəldiyi oyunda sonuncu qolu məhz Kris Brant vurub. İki yığma arasında Bakıda təşkil olunacaq cavab görüşü iyunun 10-da "Bakcell Arena"da baş tutacaq. 4 turdan sonra C qrupuna 12 xalla Almaniya yığması başçılıq edir. Şimali İrlandiya və Azərbaycanın hərəyə 7, Çexiyanın 5, Norveçin 3 xalı var. San Marino isə xalsızdır.  

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/simali-i-rlandiya-yigmasinin-futbolcusu-norvec-ve-azerbaycanla-oyunlarimiz-helledici-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR