Azərbaycanda dollar yenə bahalaşacaq

Dollar bahalaşmaqda davam edir.

Fevral ayının sonuncu günü Mərkəzi Bankın (AMB) ənənəvi olaraq keçirdiyi valyuta hərracına Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARNDF) tərəfindən satışa 35 milyon ABŞ dollar məbləğində valyuta çıxarılıb. Çıxarılan məbləğin 34,12 milyon dollarının (97,5 %) alındığı deyilir.

Bu vəziyyət yanvar ayında yaşanan tendensiyanın təkrarıdırmı?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, yanvarda manatın dollara qarşı dəyəri ARDNF tərəfindən həmin ay ərzində AMB-nin keçirdiyi hərraclara satış üçün ümumən 285 milyon dollar vəsait çıxarmasına rəğmən, 8,23 faiz civarında ucuzlaşıb. Fevral ayından vəziyyət dəyişərək, manat möhkəmlənməyə başlayıb.

Martda bizi valyuta bazarında nə gözləyir?

Ekspert qeyd edib ki, manatın məzənnəsinin möhkəmlənməsi prosesi mart ayında dayanacaq:

“Fevral başlayandan manatın möhkəmlənməsi dayanıqlı tendendensiya deyildi. Təkrar edirəm ki, bundan əvvəlki ayda, yəni yanvar ayı ərzində isə manat 8,23 % ucuzlaşmışdı. Fevralda isə bunun əks proseslə əvəz olunacağı məlum məsələ idi. Çünki fevral iqtisadi aktivlik ayı deyil. Odur ki, fevralın 16-na kimi manat bahalaşmaqda davam elədi. Ayın sonuna doğru isə bu tendensiya səngidi. Bütövlükdə artıq başa çatan ay ərzində manatın 10 %-ə yaxın dəyər qazandığı qeydə alındı.

Dolların yanvardakı qədər bahalaşacağını müşahidə edəcəyik.

"Bir neçə gün idi ki, prosesin sanki yanvardakı tendensiyaya doğru dəyişdiyi və manatın cüzi templə də olsa ucuzlaşmasının yenə bərpa olunduğu müşahidə olunmağa başlamışdı. Hesab edirəm ki, bu da qanunauyğun bir proses olaraq qəbul edilməlidir.

Martda idxal məhsullarına tələbat artır. Mart bayramlar ayıdır. İstehlak bazarında tələb genişlənməli olur. Əhalinin də xarici valyutaya tələbi artır. Həm bu, həm də digər bir sıra iqtisadi faktorlar səbəbindən valyuta bazarında yenə gərginlik yaranacağı labüd görünür.

Düşünmürəm ki, dolların yanvardakı qədər bahalaşacağını müşahidə edəcəyik. Düzdür, bütövlükdə mart ayı ərzində manat ucuzlaşacaq. Amma aprelə doğru bu tendensiya yenidən dəyişəcək”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR