Azərbaycan Pakistandan döyüş təyyarələri alacaq

Azərbaycan Pakistandan hərbi sənaye kompleksinin məhsullarını idxal edəcək. Bu barədə razılaşma ötən gün Azərbaycan prezidenti İlham Əliyevin İslamabadda Pakistan baş naziri Məhəmməd Nəvaz Şərif ilə görüşü zamanı əldə olunub. Görüşdə müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələr müzakirə olunub.

Hərbi ekspert Rəşad Süleymanov Azvision.az-a bildirib ki, Azərbaycan və Pakistan arasındakı hərbi əməkdaşlıq 1992-ci ilə təsadüf edir. Ekspertin sözlərinə görə, Azərbaycan müstəqillik elan etdikdən sonra ilk olaraq Pakistan ölkəmizə 2 milyon dollara yaxın hərbi yardım edib.

“Azərbaycan və Pakistan arasında siyasi, hərbi əməkdaşlıqla bağlı dəfələrlə bəyanat verilib. Hər iki tərəf bir-birinə öz dəstəyini ifadə edib. Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri, Xüsusi Təyinatlı Qüvvələrin üzvləri müntəzəm olaraq Pakistanda keçirilən təlim kurslarında iştirak ediblər. Eləcə də Paksitan Hərbi Hava Qüvvələrinin pilotları Azərbaycanda təlimlər keçiblər. Pakistanla Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq müxtəlif istiqamətlərdə inkişaf edir. Ölkəmiz Pakistandan hərbi təyinatlı məhsullar alır”.

R.Süleymanov əlavə edib ki, Paksitanın “GİDS” şirkətindən Azərbaycanın Daxili Qoşunlar və Hərbi Dəniz Qüvvələri üçün bir sıra məhsullar alınıb. Həmçinin Pakistanın “POF” şirkətindən müxtəlif döyüş sursatları və başqa şirkətlərdən təlim simulyatorları idxal edilib. Bundan əlavə Azərbaycan Pakistanla birgə optik cihazların istehsalı məsələsinə nəzərdən keçirir.

Hərbi ekspert vurğulayıb ki, Azərbaycan Pakistandan döyüş və təlim təyyarələri alacaq: “Bunlar “JF -17 Thunder” döyüş və "Super Mushshak" təlim təyyarələridir. Türkiyə 52 ədəd "Super Mushshak" təlim təyyarəsini almaq üçün Pakistana sifariş verib. Bu yaxınlarda Pakistanın müdafiə naziri ilə sərgidə söhbətimiz oldu və bildirdi ki, təyyarələr Azərbaycana ixrac edilməyə hazırdır. Təyyarələrin Azərbaycana satılması üçün görüşlər olub və bəzi sənədləşmə işləri həll olunduqdan sonra təyyarələrin Azərbaycana satışı baş tutacaq. Həmçinin bu təyyarələrdən axtarış-xilasetmə və kəşfiyyat əməliyyatlarında da istifadə olun bilər”.

Hərbi ekspert vurğulayıb ki, Azərbaycanın Pakistandan raket kompleksləri də ala bilər: “Pakistan azsaylı müsəlman ölkələrindəndir ki, uzaq mənzilli taktiki raket kompleksləri və ballistik raketləri var. Ötən ilin may ayında Azərbaycan ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Zahid Hüseynov qeyd etmişdi ki, Azərbaycan öz arsenalını operativ-taktiki raketlərlə gücləndirməyi düşünür. Bu baxımdan hesab edirəm ki, adıçəkilən ölkədən raketlər əldə etmək olar. Pakistan öz ordusunu 100% raketlərlə təmin edir. Azərbaycan Pakistanla birgə tanklar, aviasiya məhsulları hazırlaya bilər. O cümlədən, Pakistanın Azərbaycandan ala biləcəyi məhsullar var. Onlar daha çox pilotsuz uçuş aparatları, hərbi döyüş maşınları “Matador” və “Marauder” ilə maraqlanırlar”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR