İtən əşyalarınız çox TEZ TAPILACAQ - YENİ XİDMƏT

İtən əşyalarınız çox TEZ TAPILACAQ - YENİ XİDMƏT
11:53 2 Mart 2017
Ölkə mətbuatı
A- A+

İtirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılması üzrə “Poçtap” xidməti istifadəyə verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a verilən məlumata görə, xidmət “Azərpoçt” MMC tərəfindən reallaşdırılan yeni sosial layihə çərçivəsində istifadəyə verilib. “Poçtap” itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edir.

Bu xidmət çərçivəsində tapılmış sənədlər aidiyyəti üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyəti orqana verilir. Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi istənilən poçt qutusuna ata və ya istənilən poçt şöbəsinə, eləcə də “Şəbəkə” xidmət mərkəzlərinə anonimliyini qorumaq şərtilə təhvil verə bilər. Poçta daxil olmuş sənəd müvafiq proqramda qeydiyyata alınmaqla avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır və tapıldığı təqdirdə telefon mərkəzi əməkdaşı tərəfindən həmin şəxslə əlaqə yaradılır.

Eyni zamanda, sənədini itirmiş şəxs “Poçtap” xidmətinin rəsmi internet səhifəsindən - http://www.pochtap.az, “169” saylı telefon mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb-tapılmamasını öyrənə bilər və tapılmadığı təqdirdə itirilən sənədi axtarışa verə bilər.

Belə ki, http://www.pochtap.az internet səhifəsində “Sənədimi itirmişəm” bölməsini seçməklə müvafiq xanalara zəruri məlumatları daxil edərək, itirilən sənəd barədə elan yerləşdirmək mümkündür.

Bundan başqa, itirilən sənədlə bağlı “Poçtap” xidmətinin bazasında məlumatın olması, sənədin hazırkı statusu, hansı poçt filialı və şöbəsində olması, saxlama müddəti ilə bağlı məlumat almaq üçün “Axtar” bölməsinə müvafiq məlumatları daxil edərək, axtarış etmək mümkündür.

Sənədi tapılan şəxs onu sənədinin mövcud olduğu filialdan əldə edə və ya telefon mərkəzinə müraciət edərək özünə yaxın poçt şöbəsinə çatdırılmasını sifariş edə bilər. Sənədin poçt müəssisələrində saxlanılma müddəti 10 gündür. Sənədin sahibinin xahişi ilə bu müddət 1 ayadək uzadıla bilər.

Qeyd edək ki, “Poçtap” xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək sənədi poçt şöbələrindən və “Şəbəkə” xidmət mərkəzlərindən təhvil ala bilər. Sənədin lazımi ünvana çatdırılmasına ehtiyac yarandıqda isə, çatdırılma rüsumu “Azərekspresspoçt”un xidmət tariflərinə uyğun hesablanır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/189863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR