Mirabdulla Abbasov "Neftçi" futbol məktəbinin Azərbaycan futboluna qazandırdığı gənclərdən biridir. "Ağ-qaralar"ın əsas heyətində də bir neçə dəfə meydana çıxan 21 yaşlı oyunçu hazırda karyerasını "Sumqayıt"da davam etdirir.

Milli.Az bildirir ki, bir neçə ay Latviyada legioner həyatı yaşayan Abbasov goal.az-ın suallarını cavablandırıb.

- Səndə futbola neçə yaşdan maraq oyanıb?

- Beş yaşımdan futbolla məşğul oluram. Bu idmana marağım da həmin yaşdan yaranıb. Roman Cəfərovun "Şəfa" klubunda çalışdığı vaxtlar idi. Bir müddət orda məşq etdim. Sonra "Neftçi"nin futbol məktəbinə gəldim.

- İlk izlədiyin futbol matçı hansıdır?

- 2002-ci il Dünya çempionatına baxırdım. İzlədiyim ilk nüfuzlu turnirdi. Ən yaddaqalan oyun isə Braziliya - Türkiyə (2:1) qarşılaşması idi. Gərgin oyun keçmişdi. Nəfəsimizi tutub baxırdıq.

- Uşaqlıqda məhəllədə futbol oynadığın vaxt hansı futbolçunun formasını geyinirdin?

- Uşaqlar özlərini məşhur futbolçulara bənzətməyə çalışırdı. Düzü, mənim belə şeyə həvəsim olmayıb. Birinci dəfə geydiyim futbolkada Bekhemin adı həkk olunmuşdu. "Mançester Yunayted"in forması idi. Sonralar Kriştianu Ronaldunun firmasını geyinirdim.

- Meydanda özünü Ronalduya bənzətməyə çalışmısan?

- Yox, bənzətmirəm. Ronaldu elə Ronaldudur. Ona bənzəmək hər kəsə nəsib olmur.

- Azarkeşlik etdiyin klub var?

- "Real Madrid" azarkeşiyəm. Oyunlarını həmişə izləməyə çalışıram.

- "Real"ın səni ən çox məyus edən məğlubiyyəti

- Son olaraq "Valensiya"ya uduzdular. Sözsüz ki, ən vacib oyunlar "Barselona" ilə olur. "El Clasico"da da biabırçı məğlubiyyətlər var- 0:5, 2:6 kimi.

- Madrid klubunun transfer siyasətindən razısan?

- "Real" həmişə güclü klub olub. Deməli, hər şeyi düzgün ediblər. Əvvəllər rəhbərlik öz yetirmələri satıb başqa ulduz futbolçulara inanılmaz pullar xərcləyirdi. İndi "Real" futbol akademiyasının məzunlarına da müəyyən qədər şans verilir.

- Sən özün "Neftçi"nin yetirməsi kimi 2 il əvvəl əsas komandaya keçirilmişdin. Orda möhkəmlənməyinə nə mane oldu?

- Nə bilim vallah. Oynamaq, özümü göstərmək üçün şansım az oldu. Avroliqanın təsnifat mərhələsində "Mladost"a qarşı oyunun 75-ci dəqiqəsində meydana çıxdım, bir də "CBC Cup"da. Heyətdə möhkəmlənmək üçün yetərli zamanım olmadı.

- "Mladost"la oyunda meydana çıxmaqla Avrokuboklarda debüt etdin. Həmin anı necə xatırlayırsan?

- Həmin vaxt keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. Stadionda azarkeşlər çox idi, "Neftçi"ni dəstəkləməyə gəlmişdilər. Onların elə səsini eşidəndə adam ora-bura qaçmaq istəyirdi. Düzdür, cəmi 15 dəqiqə meydanda oldum. Qaçıb qızışana kimi oyun qurtardı (gülür). Matçın son dəqiqələri "Mladost"un üstünlüyü ilə keçirdi. Hesab 2:1 bizim xeyrimizə idi. Rəqib qol vurmağa çalışırdı və buna nail oldu. Cavab görüşündə də bəxtimiz gətirmədi. Nə qədər imkanlarımız oldu ki, qola çevirə bilmədik. Əsas vaxta əlavə olunan dəqiqələrdə isə onlar hesabı bərabərləşdirdi.

- "Mladost"la Çernoqoriyadakı oyun təkrar keçirilsəydi, yəqin ki, son dəqiqələrdə topa nəzarəti onlara verməzdiz...

- Futbolda belə şeylər olur. Onların bərabərlik qolunda kiminsə ciddi səhv etdiyini demək olmazdı. Rəqib futbolçunun önünü vaxtında kəsmədik, qapıçı zərbə anında topu görmədi.

- Ötən mövsümün ikinci yarısını icarə əsasında Latviyanın "Daugavpils" klubunda keçirdin...

- Orda oynadığım müddət mənim üçün gözəl təcrübə oldu. Həmin kluba Orxan Qurbanlı ilə birlikdə getmişdik. Düzdür, "Daugavpils" iddialı klub deyildi. Amma, demək olar ki, tamamilə gənc və perspektivli futbolçulardan təşkil olunmuşdu. Bir-iki nəfər yaşlı oyunçu vardı. Kollektivdə ab-hava çox yaxşı idi.

- Latviya və Azərbaycan çempionatları arasında fərqi nədə görürsən?

- Orda taran tipli, atletik futbola üstünlük verilir. Hər komandada bir hündürboy hücumçu olur. Hücuma çıxanda top ona ötürülür. Əsasən cinahlardan qapı qarşısına asmalar edilir. Latviya klubları taktiki planda zəifdir. "Daugavpils" əksər oyunlarda müdafiədə oturur, əks hücumlara ümid edirdi.

- Çempionat zəif olsa da, avropalı skautlar istedadlı futbolçuları Latviyada daha yaxından izləyə bilər, nəinki Azərbaycanda...

- Elədir. Dauqavpils kiçik şəhər idi, Belarusla sərhəddə yerləşirdi. Avropanın digər ölkələrinə gediş-gəliş asan idi. Skautlar müəyyən profilli futbolçuları orda rahatlıqla axtara bilərdi. Mən Azərbaycana qayıdanda "Daugavpils"in bir futbolçusunu B Sersiyasında mübarizə aparan "Novarra" baxışa çağırdı və bəyəndi.

- "Sumqayıt"ın xoşuna gələn cəhətləri hansılardır?

- Gənc komandadır. Hər futbolçu həvəslə oynayır. Bunun da bəhrəsini görürük. Elə oyunlar var ki, müdafiəyə qapanırıq. Amma sürətli futbolçular sayəsində qol imkanları əldə edə bilirik. "Sumqayıt"ın əsas üstünlüyü bundadır.

- Mövsümün 1-ci yarısında "Sumqayıt"ın keçirdiyi bütün Premyer Liqa matçlarında oynamısan. Bu komanda üçün özünü aparıcı futbolçu sayırsan?

- Bunu baş məşqçidən soruşun. Meydana çıxanda əlimdən gələni edirəm, komandama fayda verməyə çalışıram.

- Geridə qalan oyunlardan hansında öz çıxışından heç razı qalmamısan?

- AZAL-la səfərdə oynadığımız oyunda. 70 dəqiqədən çox meydanda oldum, amma heç nə edə bilmədim.

- Bəs, ən yaxşı performansın hansı oyuna təsadüf etmişdi?

- "Qəbələ" ilə evdəki oyunumuz (2:2). Oyunda penaltini qol çevirdim. Bir zərbəm də qapı dirəyindən qayıtdı. Hər halda, çempionluğa favorit olan komandadan xal almağı bacardıq.

- Son vaxtlar inadkar və çətin rəqibə çevrilmisiz. Komandanın qarşısına hər hansı vəzifə qoyulub?

- Çalışırıq ki, Avropa Liqasına vəsiqə qazanaq. Hazırda turnir cədvəlinin 4-cü pilləsinə qədər yüksəlmişik. Bu tempdə davam etmək lazımdır.

- Azərbaycan Kubokunda "Qarabağ" yolunuza çıxmasaydı, 1/4 finala adlaya bilərdiniz?

- "Qarabağ"la üzləşəcəyimizi bilirdik. Onları tituldan məhrum etmək çətin tapşırıq idi. Bunu öhdəsindən gəlmək mümkün olmadı.

- Sumqayıtlı azarkeşlər barədə nə deyə bilərsən?

- Hamısına təşəkkür edirəm. Oyunlara gəlib bizi ruhlandırırlar. Bir neçəsi ilə əlaqəm var. Mənə dəstəklərini ifadə edirlər. Fan-klubun rəhbəri Sənan müəllim hər dəfə stadionda olur. Onunla tez-tez ünsiyyət saxlayırıq.

- Baş məşqçi Samir Abbasov mülayim insandır, yoxsa sərt?

- Baxır vəziyyətə. Həm sərt, həm də mülayim vaxtları olur. Bir məşqçi kimi Samir müəllimi çox bəyənirəm.

- Onun futbolçu olduğu vaxtları xatırlayırsan?

- Samir Abbasov karyerasının pik vaxtlarında olanda mən hələ uşaq idim. Düzü, həmin dövrdə Azərbaycan futboluna ciddi marağım yox idi. Yaşım az olanda düşünmürdüm ki, nə vaxtsa əsas komandaya qalxaram. Əvəzedicilərə düşəndə artıq bu barədə fikirləşməyə başladım.

- Yaxın vaxtlarda Azərbaycan millisinə dəvət ala bilərsən?

- Millidə oynamaq hər bir futbolçunun arzusudur. Mən də üzərimdə çalışıram. Dəvət alsam, sevinərəm.

- Hansı tərz geyimlərə üstünlük verirsən?

- Baxır, hara getməyimə. Məşqlərə yollananda rahat olsun deyə idman geyimində oluram. Harasa getməliyəmsə, adi geyimdə oluram. Gödəkcə, "cırıq" cinsdə (gülür).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

"Ronalduya bənzəmək hər kəsə nəsib olmur" - MÜSAHİBƏ - FOTO
"Ronalduya bənzəmək hər kəsə nəsib olmur" - MÜSAHİBƏ - FOTO
"Ronalduya bənzəmək hər kəsə nəsib olmur" - MÜSAHİBƏ - FOTO
"Ronalduya bənzəmək hər kəsə nəsib olmur" - MÜSAHİBƏ - FOTO