Meksikanın xəbər agentliyi Azərbaycan-İsrail münasibətlərinə dair analitik məqalə yayıb

10:57 7 Yanvar 2015
266 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 10:53 ]


Bakı – APA. Meksikanın “Enlace Judio” xəbər agentliyi İsrail-Azərbaycan münasibətləri haqqında analitik məqalə yayıb. Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən xəbərə görə, müəllif Silva Şnessel (Silva Schnessel) tərəfindən qələmə alınan yazı “İsrail və Azərbaycan arasında inanılmaz romans” adlanır.

 

Yazıda bildirilir ki, 1948-ci ildə yarandıqdan sonra İsrail üçün daha çox müsəlman müttəfiqlər tapmaq çətin olub:

 

“Lakin Azərbaycan və yəhudi dövləti arasında inanılmaz romans inkişaf etməkdə davam edir. İsrail müdafiə naziri Moşe Yalon sentyabrda Azərbaycana qəfil səfər etdi. Bu, sözügedən qurum rəhbərinin Cənubi Qafqaz regionunun əksəriyyəti müsəlmanlardan ibarət olan bir dövlətinə ilk səfəri idi. İsrail xarici işlər naziri Aviqdor Liberman və keçmiş prezident Şimon Peres Azərbaycana, Azərbaycan məmurları isə İsrailə səfər edib. Daha çox İrandan olan təhlükə əleyhinə mübarizədə ümumi maraq kimi xarakterizə olunsa da, mütəxəssislərin fikrincə, Azərbaycan və İsrail arasında inkişaf edən dostluq daha dərindir. 2012-ci ildə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən xaricilər üçün ən yüksək mükafat olan “Dostluq” ordeni ilə təltif edilmiş Amerika Yəhudi Komitəsinin icraçı direktoru David Haris deyib ki, “əsasən şiə dövləti ilə yaxın münasibətlərə malik olmaq İsrailin islam dünyası tərəfindən inkarı anlayışının aradan qaldırılmasına kömək edir”. Baxmayaraq ki, son zamanlarda Azərbaycanla İsrail arasında isti münasibətlər medianın artan diqqətini cəlb edib, bu fenomen yeni deyil. Amerikanın Əsas Yəhudi Təşkilatları Prezidentləri Konfransının icraçı sədrinin müavini Malkolm Hoenlin 2006-cı ildə 52 nəfərdən ibarət qrup şəklində Azərbaycana səfər edərkən yəhudilər və İsrailə münasibətdə nümayiş etdirilən xoş ab-havanı xatırladıb. Malkolm Honlin deyib ki, “biz yüksək səviyyəli qəbuldan, yəhudi icmasının azadlığından, sinaqoqlarda İsrail bayrağının dalğalanması faktından, yəhudi tələbələrlə görüşdə onlardan anti-semitizmin olub-olmamasını soruşarkən ölkədə anti-İsrail təmayüllərinin heç zaman olmaması cavabından çox təsirləndik”. Dr. Avinoam İdan (Baltimorda yerləşən Con Hopkins Universiteti Qafqaz-Asiya və İpək Yolu Tədqiqatları Proqramı Birgə İnstitutunun aparıcı tədqiqatçısı və Hayfa Universitetinin müəllimi) bildirib ki, Azərbaycan, öz cənub sərhədində bəziləri İran tərəfindən maliyyələşdirilən islamçı qrupların şiddətli hücumlarına tez-tez məruz qalır. Bu arada İsrail xarici siyasətinin əsas narahatlığı İranın nüvə proqramının inkişafı olub. Lakin Azərbaycan rəsmiləri ölkələrinin İsraillə münasibətlərində İran təhlükəsi faktorunun inkarına daha çox üstünlük verirlər. Azərbaycanın Vaşinqtondakı səfirliyinin siyasi və hüquq müşaviri Məmməd Talıbov qeyd edib ki, “bizim ikitərəfli münasibətlərimiz hər hansı bir üçüncü dövlətə bağlı və ya qarşı deyil. Qısacası bizim İsraillə münasibətlərimizin İranla heç bir əlaqəsi yoxdur. Bizim xüsusilə texnologiya, müdafiə sahələrində güclü iqtisadi əlaqələrimiz var, dünyada sülh və dözümlülüyün təşviqində birgə işləyirik. Biz, Azərbaycan yəhudi icmasının iki dövlət arasında körpü olaraq xidmətlərindən fəxarət hissi duyuruq”.

 

İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz hazırda Azərbaycanda 30 min yəhudinin yaşadığını söyləyib. Azərbaycan yəhudi icmasına dağ yəhudiləri (V əsrdən orda yaşayırlar), Aşkenazi yəhudiləri və bir az da Gürcüstan yəhudiləri daxildir. Harpaz ivrit dilindən tərcümə edilmiş müsahibəsində deyib: “Mən həyatımda heç vaxt belə bir yerdə olmamışam. Görürsünüz, Qərbi Avropada nələr baş verir, amma burada siz açıq şəkildə küçədə İsrail bayrağını dalğalandıra bilərsiniz. Ötən il “Tövrat”ın paytaxt Bakıda yerləşən sinaqoqa hədiyyə edilməsi mərasimində müsəlmanlar, xristian ortodoks ruslar, alban-udi xristianları və katolik rəhbərlər iştirak ediblər. Dünyanın harasında belə bir şey görə bilərsiniz?..”

 

A. İdan bəyan edib ki, Sovet İttifaqının slavyan ərazilərində anti-semitizim üstünlük təşkil edərkən, Cənubi Qafqaz ölkələrində, xüsusilə Azərbaycan və Gürcüstanda yəhudi həyatı əslində tamamilə fərqli idi. Hazırkı prezident Əliyev kimi insanlar yəhudilərlə çox müsbət münasibətlər mühitində yetişiblər: “Əliyev hər zaman yəhudi müəllimlərdən və onun formalaşmasında bu müəllimlərin təsirindən bəhs edib”.

 

Hazırda İsraildə Sovet İttifaqı zamanı 1970-ci illərdən 1990-cı illərin əvvəlinə qədər Azərbaycandan köç etmiş böyük yəhudi icması yaşayır. A. İdanın sözlərinə görə, Azərbaycan yaxın zamanlarda Qəzzada baş vermiş müharibə zamanı digər müsəlman ölkələrinin təzyiqlərinə və ölkədə İsrailə neft satışına qadağa qoyulması ilə bağlı çağırışlara baxmayaraq, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan və İsraili hökumət səviyyəsində açıq şəkildə tənqid etməyən ölkələrdən biridir. Azərbaycan Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə İsrailin neft təchizatının 40%-ni təmin edir.

 

“İsrailin enerji sektorunda təcrübəsi yoxdur. Yalnız bu yaxınlarda təbii qaz tapmışıq, lakin güclü mühəndislərimiz yoxdur” deməklə Harpaz İsrailin bu təcrübəni Azərbaycandan öyrəndiyini bildirib”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368233

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR