Hava dəyişəndə oynaqlarınız ağrıyır?

Havanın kəskin dəyişilməsi bir çox insanın əhval-ruhiyyəsinə mənfi təsir edir və insanlarda müxtəlif ağrılar yaranır. Buna meteohəssaslıq deyilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada yaşayan qadınların yarısı və kişilərin 1/3 hissəsi meteohəssasdır.

Terapevt-osteopat Elfanə Süleymanova Metbuat.az-a açıqlamasında meteohəssas insanlardakı ağrıların səbəbini açıqlayıb.

“Oynaqdaxili maye atmosfer təzyiqininin dəyişkənliyinə həssasdır. Orqanizmin bütün toxumaları bu dəyişikliyə uyğunlaşana kimi oynaqdaxili maye ilk siqnallarını verir. Bu mayenin təzyiqi də atmosfer təzyiqi kimi aşağı düşür və nəticədə zədələnmiş oynaqdakı sinir ucluqları sıxılır və ağrı yaranır. Yaxud havanın rütubətliyi artanda oynaqdaxili sinir ucluqları da şişir. Bu da ağrıya səbəb olur”.

Həkimin sözlərinə görə, insanlar bu ağrılardan qurtulmaq üçün isti vannalar qəbul edir, saunaya gedirlər:

"Arzuolunmaz haldır və ağrının daha da artmasına səbəb olur. Belə şikayətləri olan xəstələr isidici məlhəmlərdən, yun sarğılardan istifadə edə bilərlər. Bu simptomlar erkən simptomlardır və vaxtında mütəxəssisə müraciət etməklə xəstəliyin inkişafının qarşısını ala bilərsiniz".

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR