Münaqişəli ailələr artıb

Azərbaycanda münaqişəli ailələrin sayı əvvəlki illərlə müqayisədə artıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu barədə məlumat yayıb. Bildirilib ki, Daxili İşlər Nazirliyi tərəfindən təkcə 2016-cı il ərzində respublika üzrə 4114 münaqişəli ailə qeydiyyata götürülüb. Həmin ailələr əsasən paytaxtda üstünlük təşkil edir.

Məsələ ilə bağlı Metbuat.az-a münasibət bildirən sosioloq Asif Bayramov qeyd edib ki, bu gün cəmiyyətdə həm ailədaxili, həm də ailəxarici məsələlərdə boşluqlar mövcuddur:

“Əsrlər boyu cəmiyyətdə mənəvi sferanı və sosial məsələləri tənzimləyən müəyyən dəyərlər formalaşıb. Lakin son 15 ildə bizim əsrlər boyu formalaşdırdığımız ailə münasibətləri, sosial məsələlər, bütövlükdə cəmiyyətdəki münsibətlər istər qərbdən, istərsə də digər coğrafiyalardan təsirə məruz qalır. Bu sferada elektron internet resurslarının, yaxud da informasiya texnologiyalarının xidmətləri daha çoxdur. Bunun nəticəsidir ki, artıq istər ailədaxili, istərsə də ailəxarici münsibətlər sistemində böyük boşluq yaranıb. Bu boşluqlar müxtəlif formalarda cəmiyyətdə özünü göstərir. Burada təəccüblü heç nə yoxdur. Çünki biz, son 15-20 ildə öz milli dəyərlər sistemimizi qərbyönümlü təsirlərdən qoruya bilmirik. Bu gün biz onun bədələini ödəməkdəyik. Bu bədəllərdən biri də ailədaxili münaqişələrdir”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR