Azərbaycan Pakistandan döyüş və təlim təyyarələri alır. Bu istiqamətdə artıq danışıqlar yekunlaşıb, sənədləşmə işləri aparılır. Proses başa çatdıqdan sonra “JF -17 Thunder” döyüş və "Super Mushshak" təlim təyyarələri Azərbaycana yola salınacaq.
“JF -17 Thunder” döyüş təyyarəsi axtarış-xilasetmə və kəşfiyyat
əməliyyatlarında istinadə olunur.
“JF-17 Thunder” təyyarəsinin üstünlükləri nədən
ibarətdir?
“JF-17 Thunder” döyüş təyyarəsi yüngül, tək mühərrikli və
çoxməqsədli dördüncü nəsil qırıcı-bombardmançıdır. Qırıcı ilk
növbədə Pakistan Hava Qüvvələrinin təlabatını ödəmək üçün Pakistan
Hərbi Hava Qüvvələri və Pakistan Aviasiya Kompleksinin (PAC)
iştirakı ilə Çin şirkəti olan Çenqdu Aviasiya Sənaye Korporasiyası
(CAC- Chengdu Aircraft Industries Corporation) tərəfindən
hazırlanıb. Təyyarənin adındakı “JF” abreviaturasının açılışı
“Joint-Fighter” (Vahid Qırıcı), “Thunder” isə “İldırım” mənasını
verir. Bu hərbi təyyarə ilk dəfə 2006-cı ildə sınaqdan keçirilib.
Döyüş təyyarəsinin yüksək manevrlik qabiliyyəti var. Təyyarənin
58%-i Pakistanda, 42%-i isə Çində istehsal olunur.
2016-cı ilin statistikasına görə, Pakistan hər il özü üçün 25 ədəd
“JF-17 Thunder” istehsal edir. Başqa ölkələrdən sifariş olacağı
halda bu rəqəmin artacağı gözlənilir.
“JF -17 Thunder”in ümumi xüsusiyyətlərinə gəlincə, döyüş təyyarəsi
üçün 1 ekipaj üzvü nəzərdə tutulub. Uzunluğu 14.93 m, hündürlüyü
4.72 m, qanadın genişliyi 9.45 m, qanadın sahəsi 24.4 kv.m, boş
çəki 6,586 kq, yüklənmiş çəki 9,100 kq, maksimum qalxma ağırlığı
12,500 kq, daxili yanacaq çəni 2,350 kq, güc təminatçısı 1 ədəd
RD-93 Klimov mühərrikdir.
Döyüş radiusu 1,352 km olan təyyarə, 3 tondan artıq silah götürmə
qabiliyyətinə malikdir. Döyüş təyyarəsinin qiyməti 15–20 milyon ABŞ
dolları arasında dəyişir.
“JF -17 Thunder” də bir sıra üstünlüklərə malikdir "JF-17 Thunder"
"hava-hava", "hava-yer" raketləri döyüş imkanları və bir çox
xüsusiyyətləri ilə öz sinfindən olan digər təyyarələri üstələyir.
Xüsusilə də keçmiş Sovet, hazırkı Rusiya istehsalı olan
təyyarələrlə müqayisədə üstünlüyə malikdir.
“JF -17 Thunder” in avionikası, optimal alt sistemləri,
avtomatlaşdırılmış uçuş nəzarəti və son model silahlarla təchiz
edilməsi bu döyüş təyyarəsinə eyni sinifdən olan rəqiblər üzərində
həlledici üstünlük verir. Çeviklik və döyüş qabiliyyəti bu
təyyarənin gücünü ortaya çıxarır. Təyyarənin silahlanmasına 70-100
km mənzilə malik idarə olunan raketlər, infraqırmızı başlıqlı qısa
mənzilli raketlər, "hava-səth" tipli raketlər, radiolokasiya
sistemlərinə qarşı raketlər, lazerlə idarə olunan raketlər,
proqramlaşdırılmış kasetli bombalar, nüfuzedici bombalar, ümumi
məqsədli bombalar, təlim bombaları daxil edilə bilir.
İstifadəçinin istəyindən asılı olaraq döyüş təyyarəsində NATO,
Sovet, yaxud Çin istehsalı olan silah sistemlərini tətbiq etmək
mümkündür. Təyyarə müasir radioelektron mübarizə sisteminə
malikdir.
"Super Mushshak" təlim təyyarəsinin üstün cəhətləri
“Super Mushshak” daha qabaqcıl “MFİ-17 Mushshak”ın
modernləşdirilmiş variantı olan ilkin təlim-döyüş təyyarəsidir.
“Super Mushshak” təlim təyyarəsi bu gün dünyada öz sinfinə aid
olanlardan təhlükəsizliyinə, imkanlarına və qiymətinə görə
fərqlənir. Uçuş hazırlığı üçün ideal olan bu təlim təyyarəsinin
ekipaj üzvü 2-3 nəfər olur. Uzunluğu 7.15 m, təyyarə qanadlarının
kənar nöqtələri arasındakı məsafə 8.85 m, hündürlüyü 2.60 m, boş
çəkisi 760 kq, maksimal çəki 1,250 kq, maksimal sürəti isə 363
km/saatdır.
Hazırda “Mushshak” və “Super Mushshak” təlim təyyarələri,
Pakistanla yanaşı, İran, Səudiyyə Ərəbistanı, Oman, Suriya, İraq və
Cənubi Afrikanın istifadəsində yer alır. Eyni zamanda Nigeriya və
Qətərlə təyyarənin alqı-satqısına dair müqavilələr mövcuddur.
Türkiyə 52 ədəd "Super Mushshak" təlim təyyarəsini almaq üçün
Pakistana sifariş verib. Sonradan bu rəqəm arta bilər.
Təyyarələrin Türkiyəyə çatdırılmasına 2017-ci ildən başlanacaq. Bu
təlim təyyarəsi hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün
hazırlanmayan hər cür əraziyə eniş edə bilir və təhlükəsizlik
standartlarına tam cavab verir. Havada 4-5 saat qala bilmək
imkanına malikdir. Bu üstünlüklərinə görə, təyyarədən patrul
missiyalarında istifadə edilməsi mümkündür. Təyyarəyə istənilən
silahı və kameraları inteqrasiya etmək imkanı mövcuddur. Müasir və
təhlükəsiz olan təyyarə ibtidai təlim tədris proqramının
tələblərinə tam uyğundur.
(AzVision.az)