Vergi ödəyicilərinin silinən faiz borcları

Bu gün Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Vergi sistemində aparılan islahatlar: vergi qanunvericiliyində və inzibatçılığında yeniliklər” mövzusunda görüş keçirilib.

Vergilər Nazirliyindən verilən məlumata görə, görüş zamanı prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi” ilə bağlı layihənin təqdimatı olub.

Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri - Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib ki, Prezident İlham Əliyevin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncamı vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması məqsədilə vergi sistemində islahatların davam etdirilməsini, ölkədə könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə nail olunmasını nəzərdə tutur. Sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı vergi sistemində aparılan islahatlar hüquqi bazanın təkmilləşdirilməsindən tutmuş vergi inzibatçılığının yenidən qurulmasına qədər bütün sahələri əhatə edir.

Qeyd edilib ki, vergi sistemində aparılan səmərəli islahatlar sayəsində məmur-sahibkar ünsiyyəti minimuma endirilib, sahibkarlarla dialoqun daha çox xidmət strukturları tərəfindən aparılmasına üstünlük verilir.

Görüşdə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanunun qəbulu barədə də danışılıb, bu qanunun ölkəmizdə sahibkarlığın stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədini daşıdığı qeyd olunub. Bildirilib ki, qanunun tətbiqi nəticəsində vergi ödəyicilərinin 727 milyon manat həcmində faiz borcları silinib və 357 milyon manat həcmində vergi borcunun müəyyən şərtlərlə silinməsi üçün də sahibkarlara imkan verilib.

Görüşdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Mənbə: APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR