“Azərikimya” ilə SDU arasında əməkdaşlığın genişləndirilməsinə dair Memorandum imzalanıb

“Azərikimya” ilə SDU arasında əməkdaşlığın genişləndirilməsinə dair Memorandum imzalanıb
19:37 2 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ “Azərikimya” İstehsalat Birliyi (İB) və Sumqayıt Dövlət Universiteti (SDU) arasında əməkdaşlığın genişləndirilməsinə dair Memorandum imzalanıb. 
SOCAR-ın mətbuat xidmətindən "Report"a bildirilib ki, sənədi “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və Sumqayıt Dövlət Universitetinin rektoru, dosent Elxan Hüseynov imzalayıblar.
Martın 2-də Sumqayıt Dövlət Universitetində şəhərdə fəaliyyət göstərən kimya sənayesi müəssisələrinin rəhbərləri və məsul şəxslərinin iştirakı ilə görüş-müzakirə keçirilib.
Universitetin rektoru Elxan Hüseynov təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatların dövlətimizin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən olduğunu vurğulayıb, son dövrdə universitetdə görülən işlər haqqında məlumat verib. O, bugünkü görüşün məqsəd və məramından danışaraq, bu qəbildən olan tədbirlərin tələbələr üçün müstəsna əhəmiyyətindən söz açıb.
“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev istehsalat birliyi, Sumqayıtda tikilməkdə olan kimya və neft-kimya müəssisələri haqqında məlumat verib, bu müəssisələrin rəhbərlərini tədbir iştirakçılarına təqdim edib. M.Babayev bugünkü görüşün əsas məqsədinin Sumqayıt Dövlət Universiteti ilə bu müəssisələr arasında qarşılıqlı faydalı əməkdaşlığının miqyasını genişləndirmək olduğunu bildirib. Qeyd edib ki, həm “Azərikimya”nın, həm də digər müəssisələrin ixtisaslı və yüksək biliyə malik gənc mühəndislərə böyük ehtiyacı var.
Tədbirdə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov, “SOCAR-Polymer” MMC-nin maliyyə direktoru Fuad Əhmədov, “Etilen-polietilen” zavodunun direktoru Oqtay Niftəliyev və Karbamid zavodunun direktoru Xəyal Cəfərov rəhbərlik etdikləri müəssisələr haqqında təqdimatla çıxış edib, tələbələr və pedaqoji kollektiv Azərbaycan kimya sənayesi üçün mühüm əhəmiyyət kəsb edən bu müəssisələrdə görülən işlər və həyata keçirilən layihələr haqqında geniş məlumatlandırılıb.
Təqdimatlardan sonra tələbələrin müxtəlif məzmunlu çoxsaylı sualları mütəxəssislər tərəfindən cavablandırılıb, eyni zamanda, qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı təkliflər dinlənilib.

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/azerikimya-ile-sdu-arasinda-emekdasligin-genislendirilmesine-dair-memorandum-imzalanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR