Bərdə rayonunda avtomobil körpüsü yenidən qurulub

Bərdə rayonunda avtomobil körpüsü yenidən qurulub
10:57 3 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ Bərdə rayonunun Əyricə və Yeni Əyricə kəndlərini birləşdirən, Tərtərçay üzərində yerləşən dəmir konstruksiyalı avtomobil körpüsü yenidən tikilərək istifadəyə verilib.
Bu barədə "Report"a "Azəravtoyol" ASC-dən bildirilib.
Məlumata görə, bu münasibətlə keçirilən tədbirdə qurumun sədri Saleh Məmmədov və digər rəhbər şəxsləri həmçinin rayon rəsmiləri və kənd sakinləri iştirak ediblər. Bildirilib ki, körpü 1981-ci ildə inşa edilib. Yenidənqurmadan əvvəl onun uzunluğu 35 metr, eni isə 4 metr olub. Körpü istismar müddətini başa vurduğu üçün xeyli müddətdir ki, qəzalı vəziyyətdə olub. Nəticədə ətraf kəndlərin sakinlərinin rayon mərkəzi ilə əlaqəsi xeyli çətinləşib. Avtonəqliyyat vasitələri rayon mərkəzindən kəndə və geriyə hərəkət etmək üçün əlavə 20 km-dən artıq məsafə qət etməli olublar. Bütün bunlar nəzərə alınaraq körpünün əsaslı bərpasına başlanılıb və obyekt Novruz bayramı öncəsi vətəndaşların istifadəsinə verilib.
Bərpa işləri zamanı yeni dayaqlar tikilərək, bərkidilib, körpünün üzərinin dəmir konstruksiyalarının qurulması işləri aparılıb. Körpünün eni 4 metrdən 5,5 metrə qədər genişləndirilib. Onun kənarlarına dəmir mühəccərlər quraşdırılıb, yük götürmə qabliyyəti 60 tona qədər artırılıb. Bununla yanaşı körpüyə gələn 1 km-dən artıq yanaşma yollarının asfaltlanması və körpü ətarfında sahil bərkitmə işləri aparılıb, həmçinin baraj bəndi də quraşdırılıb. Bu da körpünün aşırımlarını su yuyulmasından qoruyur.
Yeni körpü əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaq, rayon mərkəzi ilə kəndlərin avtonəqliyyat əlaqəsini yaxşılaşdırmaqla bərabər, həmçinin rayonun kənd təsərrufatının inkişafında da mühüm rol oynayacaq. Qeyd edək ki, yeni körpü 10 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. 



Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/berde-rayonunda-avtomobil-korpusu-yeniden-qurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR