Bakıda "Çıxarış və Arxivlərin Elektronlaşması" layihəsinin təqdimatı keçirilib

Bakıda "Çıxarış və Arxivlərin Elektronlaşması" layihəsinin təqdimatı keçirilib
11:42 3 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı daha bir yenilik olan “Çıxarış və Arxivlərin Elektronlaşması” layihəsinin ictimai təqdimatını keçirib.
"Report" xəbərinə görə, təqdimatda çıxış edən ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəisi Hikmət Mustafayev qeyd edib ki, ölkə başçısının dövlət qurumları tərəfindən göstərilən xidmətlərin əhaliyə daha rahat, operativ, şəffaf şəkildə təqdim olunması istiqamətdə Komitənin növbəti innovativ addımı daşınmaz əmlakın qeydiyyatı sahəsində çıxarışların və daşınmaz əmlakla bağlı arxivlərin elektron müstəviyə keçirilməsidir. Onun sözlərinə görə, gələcəkdə reallaşaçaq bu yeniliyə əsasən əhaliyə əmlak üzərində çıxarışların elektron formatda təqdim edilməsi mümkün olacaq: "Vətəndaş öz arzusuna görə çıxarışını elektron və ya kağız formada əldə edə biləcək. Belə ki, əmlak sahibi çıxarışını almaq üçün müvafiq idarəyə gəlmədən, Elektron Hökumət Portalında yaradılacaq şəxsi kabinetindən elektron formada əldə edə biləcək. Elektron çıxarışların tətbiqi ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirir. Əhalinin əmlaklarının qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və şəffaflığı artırır. Artıq elektron çıxarışın tez bir zamanda tətbiqi ilə bağlı qanunvericilik aktlarında dəyişikliklərin edilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə proqramlaşdırma və texniki işlərin həyata keçirilməsinə başlanılıb".
H.Mustafayev bildirib ki, daşınmaz əmlakın elektron qeydiyyatı üçün ən vacib şərtlərdən biri elektron arxivin və rəqəmsal elektron məlumat bazasının yaradılmasıdır: "ƏMDK-nın regional ofislərində daşınmaz əmlaklar üzərində əvvəllər yaranan hüquqlar üzrə 1,5 mln.-dan artıq əmlaka dair kağız formada olan sənədlər və texniki sənədlərdə olan mətn məlumatları elektronlaşdırılıb. Bu məlumatlar artıq Milli Qeydiyyat Sisteminin elektron məlumat bazasına daxil edilib. Milli Qeydiyyat Sisteminin vahid məlumat bazasının yaradılması və onun təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Xidmətin korporativ şəbəkəsi yenidən qurulub. Bunun nəticəsində komitənin daşınmaz əmlakın qeydiyyatını həyata keçirən 18 regional ofisinin məlumat bazası vahid məlumat bazasında birləşdirilib".
Daha sonra “Çıxarış və Arxivlərin Elektronlaşdırılması” layihəsinin istifadəyə verilməsi ilə bağlı təqdimat olub. Təqdimatda bildirilib ki, tətbiq olunacaq layihəyə əsasən çıxarış elektron qaydada təsdiq edilməklə e-Hökümət portalı vasitəsi ilə əmlak sahibinin şəxsi elektron kabinetində yerləşdiriləcək. Vətəndaş aidiyyəti dövlət qurumları, notariuslar və banklar da bu portal vasitəsi ilə həmin çıxarışla bağlı əməliyyatı aparacaq. Elektron imza ilə təsdiqləndiyi üçün çıxarışın elektron variantını bütün əməliyyatlarda tam hüquqlu sənəd kimi istifadə edəcək.
Qeyd edək ki, layihənin reallaşdırılmasında əsas məqsəd komitə tərəfindən əhaliyə göstərilən qeydiyyat xidmətlərində əlçatanlıq prinsiplərinin təmin olunması, vətəndaş məmnunluğunun artırılması, insan amilinin daha da gücləndirilməsi, əmlak sahiblərinə daha müasir və qənaətli xidmətlərin göstərilməsidir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakida-cixaris-ve-arxivlerin-elektronlasmasi-layihesinin-teqdimati-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR