Səlim Müslümov Sabirabadda vətəndaşları qəbul edib

Səlim Müslümov Sabirabadda vətəndaşları qəbul edib
12:17 3 Mart 2017
164 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sabirabadda vətəndaşları qəbul edib. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, görüşdə Sabirabad, Saatlı, Hacıqabul rayonlarının və Şirvan şəhərinin sakinləri iştirak edib.
Dövlət büdcəsi hesabına mənzillə və reabilitasiya vasitələri, o cümlədən əlil arabası ilə təmin olunma, məşğulluğun təminatı, özünüməşğulluq proqramına cəlb edilmə, bərpa müalicəsinə köməklik göstərilməsi, sığorta və pensiya münasibətləri, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə əlaqədar vətəndaş müraciətləri nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb.
Vətəndaşlarla görüşündə S.Müslümov bildirib ki, yanvar ayı üçün hesablanan artımlar fevral ayından ödənilməyə başlanıb və pensiyaçılara fevral ayının pensiyaları həm yanvar, həm də fevral ayı üçün hesablanan artımlarla birgə ödənilib.
Müraciətlərin cavablandırılması zamanı S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyun 2014-cü il tarixli sərəncamına əsasən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzil tikintisi işlərinin bu bölgəni də əhatə etdiyini bildirib: “Ötən il Sabirabad rayonunda 10 ədəd, Şirvan şəhərində 7 ədəd fərdi ev bu təbəqədən olanlara təqdim edilib və hazırda yeni fərdi evlər də inşa olunur. Həmçinin Saatlı, Hacıqabul rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 10 ədəd fərdi evin tikintisi aparılır”.
Qəbul zamanı sorğu xarakteri daşıyan müraciətlərlə bağlı qanunvericiliyin müvafiq bəndləri vətəndaşlara ətraflı izah olunmaqla, bir sıra müraciətlərdə qaldırılan məsələlər yerindəcə həllini tapıb. Müraciətlərinə əsasən 3 nəfər (o cümlədən 1 nəfər sağlamlıq imkanları məhdud uşaq və 2 nəfər əlilliyi olan şəxs) əlil arabaları ilə təmin ediliblər. Ayrı-ayrı şəxslərə yaşadıqları ərazi üzrə müəssisələrdə olan boş (vakant) iş yerləri təklif edilib və onlar üçün münasib olan iş yerlərinə göndərişlər verilib.
Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.




Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/selim-muslumov-sabirabadda-vetendaslari-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR