Azərbaycanda icbarı avtosığorta bazarı 19% azalıb

Azərbaycanda icbarı avtosığorta bazarı 19% azalıb
15:12 3 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ Bu ilin fevral ayında İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 64 123 elektron sığorta müqaviləsi qeydiyyata alınıb. 
"Report"un Büroya istinadən verdiyi xəbərə görə, bunların 8 191-ni xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. 2017-cı ilin fevral ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqları 5 088 747 manat təşkil olub. 
Ötən ilin fevral ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 15,2%, sığorta haqlarının məbləğində isə 18,9% azalma müşahidə edilib.
Ötən il noyabrın 1-dən etibarən avtomobillər üçün icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılmasına başlanılıb və 1 noyabr tarixinədək informasiya sistemi vasitəsi ilə bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixədək sığorta təminatına daxildirlər.
Hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, “Atəşgah Sığorta", “Standard İnsurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “PAŞA Sığorta”, “AXA-Mbask”, “AzSığorta”,  “Meqa Sığorta”, “Silkway Insurance", “Azərbaycan Sənaye Sığorta”, “Qala Sığorta” və “Günay Sığorta” ASC-lər) fəaliyyət göstərir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-icbari-avtosigorta-bazari-19-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR