Sahib Məmmədov: "İndiyədək gənc sahibkara 369 mln. manat güzəştli kreditlər verilib"

Sahib Məmmədov: "İndiyədək gənc sahibkara 369 mln. manat güzəştli kreditlər verilib"
17:12 3 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ Bu gün Yevlaxda İqtisadiyyat, Gənclər və İdman nazirlikləri, Azərbaycan Gənclər Fondu, “ASAN Xidmət”, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, biznes inkubator iştirakçıları, ətraf şəhər və rayonlarda fəaliyyət göstərən təşəbbüskargənclərin iştirakı ilə “Biznes inkubatorların gənc sahibkarlığın inkişafında rolu” mövzusunda tədbir keçirilib.
İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu sahədə özəl sektorun xüsusi rolunu qeyd edib, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi tədbirləri barədə məlumat verib. O bildirib ki, ölkədə gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir: "İndiyədək 5 300-dən çox gənc sahibkara 369,1 mln. manat güzəştli kreditlər verilib ki, bu da 16 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir. Bundan başqa, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi üçün müxtəlif maarifləndirmə tədbirləri keçirilir. Almaniya-Azərbaycan ikitərəfli proqramı çərçivəsində sahibkarlar və gənc menecerlər Almaniyaya ixtisasartırma kurslarına göndərilir. 2009-2016-cı illərdə 300-ə yaxın sahibkar və gənc menecer Almaniyanın müxtəlif şəhərlərində ixtisasartırma kursu keçib".
Nazir müavini vurğulayıb ki, görülən işlərin nəticəsi olaraq son illər sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar arasında gənclərin sayı artır: "Biznes inkubatorların yaradılması sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindəndir. İqtisadiyyat Nazirliyinin Aran regional İnkişaf Mərkəzində fəaliyyətə başlayan biznes inkubatoru da məhz bu məqsədə - gənc sahibkarların hazırlanmasına xidmət edir".
Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov çıxışında qeyd edib ki, sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan gənclərə biznes inkubatorda güzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz olunan ofislər verilir: "Onlara ödənişsiz maarifləndirmə tədbirləri, investisiya layihələrinin və biznes planların hazırlanması, biznesin təşkili və idarə edilməsi ilə bağlı sistemli və davamlı konsaltinq və informasiya xidmətləri təşkil olunur. Biznes inkubator üçün iştirakçıların (rezidentlərin) seçilməsi məqsədi ilə kütləvi informasiya vasitələrində, eləcə də nazirliyin internet səhifəsində müsabiqə haqqında elanlar dərc edilib. Müsabiqə Komissiyasının qərarına əsasən, 21 gənc biznes inkubator üçün rezident qəbul edilib".



Xəbərin orijinal ünvanı: https://report.az/biznes/sahib-memmedov-i-ndiyedek-genc-sahibkara-369-mln-manat-guzestli-kreditler-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR