Milli Azərbaycan qadın geyiminin qədim atributu - kəlağayı - FOTO

Milli Azərbaycan qadın geyiminin qədim atributu - kəlağayı - FOTO
21:37 3 Mart 2017
230 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az AZƏRTAC-a istinadən kəlağayı haqda yazını təqdim edir.

Nə yaşından xəbərimiz var, nə də rənglərinin sehrindən, cazibəsindən. Yüz illərdi bizimlə yol gəlir. Ən xoş, şən günümüzdə qiymətli sərvətimiz kimi üstümüzdə gəzdirmişik. Gah başımıza bağlamışıq, gah da boynumuzdan asmışıq. Nədənsə heç vaxt onun harada yarandığını, niyə məhz kəlağayı adlandırıldığını və bizə bu qədər xoş, məhrəm gəldiyini düşünməmişik. Amma sən demə milli qadın geyiminin qədim atributu olan kəlağayı özündə ümumbəşəri mənalar daşıyan bir-biri ilə bağlı anlayışlar aləmini əks etdirir, əsrlər boyunca təkmilləşdirilmiş estetik qanunlara tabedir. Kəlağayı - hər qadın üçün xüsusi olaraq hazırlanan, tayı-bərabəri olmayan, valehedici örpəkdir. Kəlağayı şərdən və mənfi təsirlərdən qoruyan əsl talismandır, onu yüksək dəyərləndirərək yalnız sevdiyin insanlara bağışlamaq olar. Araşdırdıqca görürsən ki, zərif, zərifliyi qədər də incə olan bu gözəlliyin özündə, mahiyyətində, fəlsəfəsində çox sirlər gizlənib. Bakı Dövlət Universitetinin kafedra müdiri, "İnkişaf" Elmi Mərkəzinin üzvü Rəna İbrahimbəyova ilə söhbətdən sonra isə tam əmin olduq ki, adidən-adi baxdığımız kəlağayı rəngi, hazırlanma texnologiyası, daşıdığı məna və məzmununa görə düşündüyümüz qədər də adi bir sənət nümunəsi deyilmiş.

Rəna İbrahimbəyovanın sözlərinə görə, kəlağayı əsrlər boyu Azərbaycanda geniş yayılmış qadın geyiminin ayrılmaz hissəsi olan baş örtüyünün adıdır ki, bu da ən müxtəlif şəraitlərdə - xeyirdə, şərdə, təntənəli və adi günlərdə istifadə edilib. Bu xalqın məişətinin xüsusiyyətlərini, dünyaya baxışını, mənəvi və estetik dəyərlərini özündə cəm eləmiş və beləliklə də mədəniyyətimizin müstəqil qatı olan Azərbaycan qadının milli geyiminin bir hissəsinə çevrilmişdir. Kəlağayıdan bineyi-qədimdən istifadə edilib. Hər bir hadisə üçün, bu və ya digər situasiyanın xüsusiyyətinə və əhəmiyyətinə uyğun olaraq, kəlağayının örtülməsinə dair konkret göstərişlər mövcud olub. Eyni zamanda, kəlağayı sosial fərqləri aradan qaldırıb, belə ki, varlı qadınların kəlağayısı yoxsul qadınların kəlağayısından heç nə ilə seçilməyib.

Tədqiqatçılığı ruhunda yaşadan alim

Kəlağayı sənətinin tədqiqi ideyası Rəna İbrahimbəyovanın BMT-nin "Gender inkişafı" layihəsində iştirakından sonra yaranıb. O xatırlayır: "Gender layihəsi çərçivəsində xaricə gedib-gəlir və əcnəbilərə kəlağayı bağışlayanda onların buna böyük maraqla yanaşdığını görürdüm. Hətta BMT-nin 37-ci sessiyasında moderator çəhrayı rəngdə kəlağayını çiyinə atıb iclası aparırdı. Layihənin davamlılığını təmin etmək üçün həm qadınların, həm də kişilərin bərabər fayda götürə biləcəkləri sahə tapılmalı idik. Xarici məsləhətçilərin də iştirakı ilə bu sahəni tapdıq. Bu kəlağayı sənəti idi. Bundan sonra, bu zərif ipək məmulatını daha dərindən tədqiq etmək qərarına gəldik. Araşdırmalarım seçimimizin düzgün olduğunu təsdiqlədi".

Bütün bu çətin və maraqlı işlərdə Rəna xanıma ömür-gün yoldaşı, inşaatçı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Cəlil Tarıverdiyev hər zaman dəstək olur. Biz yeri gəldikcə C. Tarıverdiyevin də fikirlərini oxucularımızla bölüşəcəyik.

Kəlağayı - sülh və əmin-amanlıq rəmzi

Bu baş örtüyü mütləq ipəkdən, kvadrat formasında olmalı, hazırlandıqdan sonra rənglənməli və naxışlanmalıdır. Kəlağayı məxsusi ipəkdən hazırlanır. Bu ipəyin sapları çox incə, eyni zamanda çox davamlı, yüngül və uzunömürlüdür.

Kəlağayının kənarları (yeləni) və ya mərkəzi (xonça), adətən nabati, geometrik ornamentlərlə bəzədilir və hər biri təkrarolunmazdır.

Tarixən sosial, ictimai həyatımızın, münasibətlərimizin bir hissəsinin kəlağayı ilə tənzimləndiyini qeyd edən R.İbrahimbəyova deyir: "Ənənəyə görə uşaq dünyaya gələndə onu anasının gəlin gedərkən başına örtdüyü qırmızı kəlağayıya bükərdilər. Sonradan isə həmin kəlağayını zahı qadın 40 gün belinə bağlayardı ki, təzədən öz formasına qayıtsın. İnsan dünyanı tərk edəndə isə mafənin üstünə kəlağayı atırlar. Kəlağayı qadınlarımızın isməti, sülhün, əmin-amanlığın rəmzidir. Müharibənin, qan tökülməsinin qabağını almaq istəyən analarımız, nənələrimiz döyüşən tərəflərin arasına kəlağayı atanda onlar dayanırdı. Qızlar sevdikləri oğlanın elçi göndərməsinə razılıqlarını ona kəlağayısını verməklə bildirərdilər. Vaxtilə qadınlar bölmə kəlağayı (kəlağayının dörddə bir hissəsi) ilə başlarına "dingə" bağlayır, sonra iri kəlağayını örtərdilər".

Kəlağayını kişilər hazırlayır

Xanımlar bilməlidirlər ki, kəlağayını kişilər hazırlayır. Hər kəlağayıda rənglərin, naxışların dili ilə kişilərin qadınlara münasibəti, hissləri, duyğuları əks olunur.

Cəlil Tarıverdiyev deyir ki, boyaqçılıq möcüzəli işdir. Burada rənglərlə elə işləməlisən ki, onlar qarışmasın. Boyaqçı bu sirləri bilir. Deyilənə görə, boyaqçı Allaha daha yaxın insandır. "Boyaqçıya nəzir düşür" atalar sözü bəlkə də burdan qaynaqlanır.

Bu ipək baş örtüyü basmanaxış üsulu ilə bəzədilir və həyatda baş verən hadisələrin ruhuna uyğun şəkildə rənglənir. Məmulatın rənglənmə ardıcıllığı var. Boyaqçının işi isə xüsusidir, belə ki, küpxananın açarı ancaq onun özündə olur və sirrin açılmaması üçün iş vaxtı heç kəsi içəri buraxmır. Beləliklə də, kəlağayı göz oxşayan, solmayan, müxtəlif rənglərlə boyanılır. Azərbaycan əhalisi bir yerdən digər yerə köçəndə də kişilər yeni məkanda birinci olaraq kəlağayı hazırlayıblar. Çəkisi cəmi 130 qram olan kəlağayı üzükdən rahatlıqla keçir. Naxışlarına, rənglərinə görə fərqlənən kəlağayıların zirvəsi isə "Yeddirəng kəlağayı"dır. Onu doqquz dəfə qaynadır, rəngləyir, qurudurlar.

Onun sözlərinə görə, kəlağayı hazırlanması mürəkkəb, çox zəhmət tələb edən və olduqca spesifik bir prosesdir. Bu proses dörd tamamilə fərqli fəaliyyət növlərindən ibarətdir. Birincisi, ipək parçanın hazırlanması, toxunmasıdır. İkincisi, ştamplar-qəliblərin hazırlanmasıdır. Üçüncüsü, parçanın səthinə naxışların vurulması-basma və nəhayət dördüncüsü boyamadır.

Neftə qədər Azərbaycanı dünyada məşhurlaşdıran ipək olub

Kəlağayının tarixi, Böyük İpək Yolunda şimalla cənub, qərblə şərq arasında əlaqələndirici hissə olan və əsrlər boyu ipəkçilik ölkəsi kimi məşhur olan Azərbaycanda ipəkçiliyin inkişaf tarixi ilə sıx bağlıdır. Tarixi faktlar təsdiqləyir ki, Azərbaycanda baramaçılıqla təxminən iki min ildən artıqdır məşğul olunur, çox qədim zamanlardan bəri burda barama yetişdirilmiş, onlardan olduqca nazik ipək saplar əyrilmiş ki, bunlardan da gözəl parçalar toxunulmuş və əsrarəngiz gözəlliyə malik nəfis məmulatlar istehsal edilmişdir.

Bu barədə antik məxəzlərdə deyilirdi. Azərbaycana gəlmiş Əl-İstəxri, Əl-Müqəddəsi ( X)və Marko Polo (XIII) kimi orta əsr səyyahlarının yol qeydlərində ipək və ondan hazırlanan məhsullar barədə yazılara rast gəlinir.

İpəkçilik Azərbaycanda tarixən nüfuzlu, gəlirli sahə hesab olunub. Nahaq yerə demirlər ki, harada ipək var, orada zənginlik var.

1873-cü ildə çar II Nikolay Şəkiyə baramadan sap almaq və toxumaq üçün 32 avadanlıq göndərib. Bu avadanlıqlarla işləməyi öyrətmək üçün İtaliyadan 12 ailə köçürülüb bura. Hər baramadan 500-600 metr sap almaq olar. Lakin elə baramalar var ki, 1200-1400 metr sap verir. Ən yaxşı baramalar Ordubadda, ən gözəl ipəkdən toxunan xalçalar isə Şuşada idi. Kəlağayıları Gəncədə, Bərdədə hazırlasa da ən gözəli Basqala məxsusdur. Basqal kəlağayının vətənidir.

Cəlil Tarıverdiyev deyir ki, bu gün "Basqal" İpək Mərkəzində interaktiv muzey fəaliyyət göstərir ki, ziyarətçi orada həm kəlağayının hazırlanması prosesi ilə tanış olur, həm də onun tarixinə dair biliklər alır. Ən maraqlısı isə odur ki, bu muzeydə ziyarətçiyə kəlağayının hazırlamasında şəxsən iştirak etmək imkanı yaradılır.

Artıq kəlağayının konsepsiyası yaradıldığını qeyd edən R.İbrahimbəyova isə deyir: "Kəlağayı sırf azərbaycanlılara məxsusdur. Biz tarixi kəlağayını bərpa etmişik. Çox istərdim ki, bu baş örtüyündən gənc qızlar da istifadə etsinlər. Bu məqsədlə bölmə kəlağayılar, şərflər da hazırlanır. Çalışırıq ki, kəlağayını müasir şəraitə uyğunlaşdıraq".

Azərbaycanın hər bir bölgəsində kəlağayı hazırlanıb. Harada bu işlə məşğul olurdular, o yerin xüsusiyyətləri də o kəlağayıya nüfuz edirdi. Məsələn, Gəncədə hazırlanan kəlağayının bir, Qarabağda hazırlanan ayrı, Ordubadda olanın başqa bir xüsusiyyəti var. Ordubad kəlağayıları beynəlxalq sərgilərdə həm ipək baxımından, həm də naxışlar baxımından birinci yerə çıxırdı. Hələ XVIII-XIX əsrdə Ordubad kəlağayıları 13 mükafat almışdı.

Rənglər necə seçilir

Məlum olduğu kimi, naxış mədəni markerdir (əlamətdir), yəni naxışa baxıb onun hansı mədəniyyətə məxsus olduğunu, nəyə həsr olunduğunu və nə vaxt hazırlandığını kifayət qədər inamla müəyyən etmək olar. Kəlağayının rəngləri və naxışları ünsiyyət zamanı müəyyən əhval-ruhiyyənin yaranmasına kömək edir. Misal üçün, qəribə arabesk şəkilli xaşiyə ilə qırmızı kəlağayı, qaynana və qaynata tərəfindən gəlinə bağışlanan vacib hədiyyələrdən idi və məhz həmin kəlağayını gəlin toyda örtməli idi, qonaqlar isə bəyin çiyninə müxtəlif rəngli kəlağayılılar salardılar. Adi günlərdə evdən eşiyə çıxarkən və ya qonaq qəbul edərkən qadınlar başlarına mülayim, sakit rəngli, "soğanı", "soldurma", "qəhvəyi" və s. rəngli kəlağayılar örtərdilər. Astetik haşiyəli qara kəlağayı qəmgin hadisənin əhval-ruhiyyəsini ifadə edir, parlaq rənglərlə bolluca naxışlanmış kəlağayı isə sevinc və şadlıq hissləri doğururdu.

Kəlağayının rəngi və ya rəng ahəngi, naxışın növü, şəklin quruluşu, bağlama üslubu, kəlağayı sahibənin yaşı nəzərə alınardı.

Rəna İbrahimbəyovanı deyir: "Kəlağayının 6 xüsusiyyəti var ki, heç bir örpəkdə bu bir yerdə olmur. Deyirlər ki, Basqal kəlağayısında olan sistem kainatın mənzərəsidir. İnsanın həyatı çox mürəkkəbdir. Onu ən yaxşı qoruyan dağlardır. Kəlağayının kənarlarındakı naxışlar dağ kimi qəbul olunur. Dağların arxasında insanlar sakit yaşaya bilərlər. Buta naxışları insanları təmsil edir. Medanxil ilə qeyd olunan hissə isə insan həyatının qurtaracağını təsvir edir. Ondan sonra insanın daha zəngin və əlvan ruhi həyatı başlanır. Bu həyat mərkəzə doğru olan hissədir. Kainatın mərkəzinə getdikcə naxışlar sıxlaşır. Çünki kainatın mərkəzi enerji baxımından ən sıx yerdir".

Həmsöhbətimiz qeyd edir, kəlağayının xüsusi bükmə qaydası var. Onu iki yerə bölüb bükürlər. Ona görə ki, dünyada hər şey ikidir: həyat-ölüm, gecə-gündüz. Sonra yenə iki yerə bükürlər. Hər bir insanın özü üçün seçdiyi yola uyğun: xeyir və ya şəri, məhəbbət və ya nifrəti üstün götürür. Sonda kitab formasında bükülür. Kəlağayıda hər bir işin, hər bir nöqtənin adı var".

Kəlağayı-UNESCO-nun reprezentativ siyahısında

Ölkəmizin mədəniyyət siyasəti, Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun Azərbaycan mədəni irsinin mühafizəsinə yönəlmiş səyləri, kəlağayını əsl mənada yox olmaqdan qorudu və onun gələcəyinə inam doğurdu. Nəticədə minilliklər boyu tarixin sınaqlarından alnıaçıq çıxan xalqımız daha bir uğura imza atdı. 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Beləliklə, bu sənət Azərbaycan xalqının milli mənəvi dəyərlər sisteminin ən mühüm mədəniyyət nümunələrindən biri kimi beynəlxalq səviyyədə təsdiq olundu.

Kəlağayıya aid ilk sərgi ölkəmizdə 2005-ci ildə keçirilib. Sonralar Azərbaycan kəlağayısı Türkiyə, Gürcüstan, Macarıstan, Avstriya, İtaliya, ABŞ, Belçika, Malayziya və digər ölkələrdə müxtəlif sərgilərdə nümayiş olunub.

Yuxarıda söylənilənləri ümumiləşdirərərk, belə bir nəticəyə gəlmək olar ki, kəlağayı Azərbaycan mədəniyyətinin səciyyəvi etnik xüsusiyyətlərinə malik bir məfhumdur, xalq tətbiqi sənətinin nümunəsi, Azərbaycan cəmiyyətində sosial münasibətlərinin əhəmiyyətli tənzimləyicisidir.

Kəlağayı, dəqiq müəyyən edilmiş xüsusiyyətlərin məcmusu ilə, yalnız baş yaylığının özünə xas xüsusiyyətlərini səciyyələndirən və həm Azərbaycanda, həm də bütün dünyada onu istənilən digər yaylıqlardan fərqləndirən cəhətlərlə birlikdə təyin edilir.

Rəna İbrahimbəyovanı və onun ömür-gün yoldaşını dinlədikcə təkcə onların kəlağayıya və bu sənətə sonsuz sevgisini görmürsən, həm də bu zərif ipək parçasında nə qədər sirlərin yaşadığını dərk edirsən. Bir daha anlayırsan ki, demək doğurdan da heç nə səbəbsiz yerə yaradılmayıb və hələ öyrəniləsi, araşdırılası çox şeylər var.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/522942.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR