Hipertenziyanın müalicəsində İLK

Hipertenziyanın müalicəsində İLK
23:17 3 Mart 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Bristol Universitetinin alimləri yüksək qan təzyiqindən əziyyət çəkən Ameli Hofmannın müalicəsində ilk dəfə beynin dərin qıcıqlandırılması metodundan istifadə ediblər. Pasiyentə ciddi əlavə təsirləri olan 8 adda preparat təyin edilib. Buna baxmayaraq, onun təzyiqi 320/150 səviyyəsindən enməyib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qadının təzyiqini yeni metod sayəsində endirmək mümkün olub.

Ameli Hofmann 10 il müddətində çox yüksək təzyiqdən əziyyət çəkib. Həkimlər ona müxtəlif dərmanlar təyin ediblər, amma onların heç biri onun dərdinə əlac etməyib. Təzyiqinin yüksək olması qadını əldən salıb, daim miqren ağrıları ilə müşayiət olunub. Həkimlər hipertenziyanın səbəbini tapa bilməyiblər. Qəbul etdiyi dərmanlara görə bir neçə dəfə eşitmə qabiliyyətini itirib. Amelinin sağ qulağı heç eşitmir, sol qulağı isə çox pis eşidir. Xəstənin özü deyir ki, gələcəyinə və uşaqlarına görə ciddi narahatlıq keçirib.

Bristol Universitetinin neyrocərrahı Nik Petel 2011-ci ildə bir xəstəsi barədə yazı dərc edir. Yazıda deyilir ki, neyropatik ağrıdan əziyyət çəkən xəstə beynin dərin qıcıqlandırılması metodu ilə müalicə edilib, eyni zamanda, yüksək təzyiqindən qurtulub. Bu yazını oxuyan Ameli həkimə müraciət edib. O, Bristol Universitetinə birinci dəfə gələndə təzyiqi 320/150 (normal təzyiq 90-120/60-80) olub. 180/90 təzyiqin özü artıq ciddi hipertenziya vəziyyətidir. Hipertenziya dünyada ölüm hallarının əsas səbəblərindən biridir. Kardioloq Anqus Naytinheyl deyib ki, o, bir neçə dəfə pasiyentin təzyiqini ölçüb, çünki onun belə təzyiqlə yaşamasına inanmayıb. Axı, hər an insult baş verə bilər. 2012-ci ildə Ameli Hofmann tədqiqatın iştirakçısı olub. Onun qan təzyiqini müalicə etmək üçün tibb praktikasında ilk dəfə beynin dərin qıcıqlandırılması metodundan istifadə edilib.

Pasiyentin beyninə kardiostimulyatoru xatırladan cihaza qoşulan elektrod yeridilir. Bu cihaz beynin müəyyən şöbələrini tənzimləyir. Məsələn, Parkinson xəstəliyində, yaxud səngimək bilməyən ağrılardan əziyyət çəkəndə tətbiq edilir. Beynin qıcıqlandırılmasının anoreksiyaya kömək etməsi halları məlumdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/522939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR