“Amazon” servisinin işində nasazlığın səbəbi məlum olub

“Amazon” servisinin işində nasazlığın səbəbi məlum olub
12:35 4 Mart 2017
Ölkə mətbuatı
A- A+

“Amazon” şirkəti “Amazon Web Services S3 AWS” “bulud” məlumat saxlama sisteminin fəaliyyətində martın 1-nə keçən gecə baş vermiş nasazlıq nəticəsində bütün dünyada çoxlu sayt və internet əlavələrinin işində fasilələrin yaranmasına insan səhvinin səbəb olmasını açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, şirkətin rəsmi bəyanatına görə, “S3” billinq sisteminin işi ilə əlaqədar nasazlıqların aradan qaldırılması prosesində əməkdaşlardan biri səhv komanda verib və lazım olan saydan çox serveri silib. Səhv silinən serverlər digər iki “S3” yarımsisteminin işini dəstəkləyib. “Amazon” nümayəndələri onu da qeyd ediblər ki, şirkət mühəndisləri baş verənlərdən müvafiq nəticəni çıxararaq gələcəkdə belə hadisələrin qarşısının alınması üçün dəyişikliklər edirlər.

“ZK Research” şirkətinin analitiki Zyus Kerravalın sözlərinə görə, informasiya texnologiyalarında nasazlıqların əksər hissəsi insan səhvinə görə baş verir.

“Vəziyyətdən aydın olur ki, texnologiyalar sahəsində çoxsaylı nailiyyətlərə baxmayaraq biz hələ də əllə həyata keçirilən proseslərdən çox asılıyıq. Bu, ən yaxşı avtomatlaşdırmanın və kompüter təliminin harada kömək edə biləcəyinin bariz nümunəsidir”, - vurğulayıb.

Xatırladaq ki, yaranmış nasazlığa görə zərərçəkənlər arasında bir neçə “Apple” (App Store, Apple Music, FaceTime, iCloud, iTunes, Photo) və “Adobe” servisi, ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının saytları, tərtibatçılar uçun “GitHub” platforması, bir sıra xəbər resursları, “Kickstarter” vəsait toplanışı platforması, “Mailchimp” poçt xidməti, “Signal” proqramı və s. olub.

“Amazon” şirkətinin “Twitter” səhifəsində verilən məlumata görə, çoxlu sayt və əlavələrin istifadə etdiyi informasiyanın saxlanıldığı “S3 AWS” şəbəkə saxlancının işində baş verən nasazlıq nəticəsində saytlara 3,5 saatdan çox vaxt ərzində daxil olmaq mümkün olmayıb.

“Amazon” şirkətinin Virciniyada yerləşən məlumat emalı mərkəzində baş verən nasazlıq 4 saatdan sonra aradan qaldırılıb.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46462-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR