​Dünyanı dəyişən anonimliklər

Düzünü desəm, bu anonimlik mövzusunu “çirkinlik” başlıqlı yazılarımın arasına salmaq istəməzdim. Anonimlik həmişə dünyanı idarə edən, vaxtı gələndə isə onu dəyişən bir güc olub.

Hətta o qədər böyük güc olub ki, Allahın özü də bu anonimliyin içində gizlənib. Nitşe də “Allahın öldüyünü” bütün dünyadan gizlədəndə bilərəkdən ya da bilməyərəkdən xidmət etdiyi bir anonimlik var idi.

O anonimlik ki, qədim və orta dövrlərdə yayılan bütün yalanların mənbəyi idi.

Bu həm də ondan xəbər verirdi ki, insan oğlu bir qədər ağıllanmışdı. Bir az da dəqiq desəm, ağıllı insanlar digərlərini idarə etməyin yolunu tapmışdılar. Mükəmməl bir yalan və dünyadan xəbərsiz insanın başını qatmaq…

Sovet kimi böyük bir imperiyanı da anonimlik yıxdı. Daha doğrusu anonim yazılan məktublar və anonim yayılan informasiya. Anonimliyin birinci forması – yəni yalan üzərində qurulan bir imperiya onun ikinci forması – yəni məxfilik hesabına məhv oldu… Və bu gün, hər-şeyi alt-üst edən texnologiyanın gözünün qabağında anonimlik evlər yıxır. Hətta ölkələr yıxır.

Sosial şəbəkənin içində idarəolunmaz bir gücə çevrilən anonimlik hərəni bir cazibə ilə özünə çəkir. Beləliklə mən də çirkinliyimindən qaça-qaça gedib bu anonimliyə pənah apardım. Sosial şəbəkənin içinə girib bir xeyli sağa-sola boylandım. Gördüm ki, hər kəs özünə bir forma verib anonim-anonim ora-bura doğru hərəkət edir. Hətta bir çoxları istədikləri şəkildə adlarını, özlərini də dəyişdiriblər. Bu anonim adamlar da əməlli-başlı doğulurlar, ölürlər, bir-birilərini sevirlər, ayrılırlar, sevinirlər, darıxırlar, inqilab edirlər, istədikləri hər kəsi rahat-rahat söyürlər və.s.

Onu da başa düşdüm ki, bu virtual adamların çoxu daxilən xoşbəxt olmayan real insanlardır. Gör bu dünyada nə qədər özündən uzaqlaşmaq istəyən insan var imiş. Deməli, xoşbəxtliyin birinci sirri anonimlikdir.

Deməli, insan anonim doğulsaydı, onun məcburi ailəsi, məcburi ölkəsi olmasaydı, sosial şəbəkələrdə olduğu kimi özünə istədiyi doğum tarixini, istədiyi bacı-qardaşı, istədiyi sənəti seçsəydi hər şey tamam fərqli olardı. Bu həm də Azadlığın çıxışlıq halıdır... Çox qəribədir, insan sosial şəbəkədə özünə qarşı daha diqqətlidir. Virtual evinə tez-tez gəlir, özünə aid olan nə varsa hamısına diqqətlə baxır, yoxlayır.

Reallıq dediyimiz aləmdə isə insan bir o qədər diqqətsiz və bədbəxtdir. Evə gəlib yeməyini yeyən kimi heç kimə fikir vermir və özünün “xoşbəxt” dünyasına dalır. Evindəkilər də yeni nəslin nümayəndələridirsə öz virtual aləminə yollanır.

Köhnə nəslin nümayəndəsi isə televizora dalıb seriallarda təsəlli tapır. Dövlət isə sevinir. Virtual aləmdə inqilab təhlükəsi də olsa əsas odur ki, de fakto insanlar ayrı-ayrılıqda xoşbəxtdirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR