Tərtərdə xırdabuynuzlu heyvanların tələfolma səbəbləri müəyyən edildi

Tərtərdə xırdabuynuzlu heyvanların tələfolma səbəbləri müəyyən edildi
19:53 4 Mart 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bir sıra kütləvi informasiya vasitələrində Tərtər rayonunun bir neçə yaşayış məntəqəsinin fərdi təsərrüfatında xırdabuynuzlu heyvanlar arasında kütləvi tələfatın olması barədə yayılan məlumatla bağlı araşdırma aparıb.

İdarədən Publika.az-a verilən məlumata görə, bununla əlaqədar DBNX baytarlıq mütəxəssislərindən ibarət qrup Tərtər rayonunun yaşayış məntəqələrinə araşdırma və əməli köməklik məqsədi ilə ezam olunub.

Aparılan araşdırmalar zamanı rayonun təsərrüfatlarında iddia olunduğu kimi 500 baş yox, yanvar ayından bu günə kimi bütün yaşayış məntəqələri üzrə cəmi 97 baş xırdabuynuzlu heyvanın iti fassilyoz (qaraciyər qurdu), diktikaulyoz və digər yoluxmayan terapevtik xəstəliklərdən tələf olması müəyyən edilib. Eləcə də müəyyən olunub ki, baxım şəraitinin zəif olması xırdabuynuzlu heyvanların tələf olmasına gətirib çıxarıb. Tərtər rayonunda yoluxucu xəstəliklərdən xırdabuynuzlu heyvanların kütləvi tələf olması halları qeydə alınmayıb və epizootik vəziyyət sabit olub.

Baytarlıq mütəxəssisləri tələf olmuş xırdabuynuzlu heyvanlarda patoloji yarma aparıb və yarma zamanı heyvanların qaraciyərində iti fassilyozun (qaraciyər qurdu) süfrələri və ağciyərində isə diktikaulyoz qurdları aşkar olunub. Bundan əvvəl 14 fevral 2017-ci il tarixində Tərtər rayonunun Əskipara kənd sakini Nəsimi Sadıqova məxsus təsərrüfatında tələf olmuş 2 baş xırdabuynuzlu heyvandan götürülən nümunələr Bərdə zona Baytarlıq Laboratoriyasında müayinə edilib və laboratoriyanın 15 fevral 2017-ci il tarixli ekspertizasının nəticəsinə əsasən götürülən nümunələrdə iti fassilyozun (qaraciyər qurdu) törədicisi (fasiola giqantica) aşkar olunub.

Həmçinin yenidən həmin təsərrüfatda tələf olan xırdabuynuzlu heyvanlardan müayinə üçün nümunələr (heyvan cəsədi) götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Laboratoriyada ilkin pat-anatomik yarma zamanı gətirilən xırdabuynuzlu heyvanın qaraciyərində iti fassilyoz xəstəliyinin (qaraciyər qurdu) süfrələri və ağciyərində diktikaulyoz qurd xəstəliyinin törədiciləri aşkar olunub. Laboratoriyalarda aparılan müayinələr zamanı götürülən nümunələrin heç birində infeksion xəstəliyin törədicisi aşkar edilməyib.

Bəzi KİV-də guya heyvanlara vurulan peyvənd vasitələrinin keyfiyyətsiz olması ucbatından tələfatın baş verməsi bildirilir. Lakin aparılan laboratoriya müayinələrinin nəticəsinə əsasən heyvanların yoluxucu xəstəliklərdən deyil, qurd və digər yoluxmayan terapevtik xəstəliklərdən tələf olması müəyyən edilib. Peyvənd vasitələrinin qurd və digər yoluxmayan terapevtik xəstəliklərlə heç bir əlaqəsi mövcud deyil.

Xatırladırıq ki, ölkəmizə dövlət vəsaiti hesabına alınıb gətirilən bütün peyvənd vasitələrinin beynəlxalq keyfiyyət sertifikatları vardır. Eləcə də bu peyvənd vasitələrinin keyfiyyəti ölkəmizdə laboratoriya şəraitində bir daha yoxlanıldıqdan sonra heyvanlara tətbiq olunur. Bu isə bəzi KİV-lərdə dərmanların keyfiyyəti barədə gedən informasiyaların həqiqətə uyğun olmadığını göstərir. KİV nümayəndələrindən xahiş edirik ki, bu kimi məlumatları dərc edərkən Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə əlaqə saxlanılsın, lazımi və obyektiv məlumat əldə etdikdən sonra onun yayımlanması təmin edilsin. Bu ona görə lazımdır ki, belə yanlış məlumatlar əhali arasında müəyyən çaşqınlıq yaratmasın və yersiz şayiələrin yayılmasına səbəb olmasın.

Qurd xəstəliklərinə, o cümlədən iti fassilyoz və diktikaulyoz xəstəliklərinə qarşı heyvanlarda yaz-payız aylarında heyvan sahiblərinin öz vəsaiti hesabına dehelmintizasiya tədbirləri aparılmalıdır. Lakin aparılan araşdırmalar zamanı Tərtər rayonunun xəstəlik qeydə alınan yaşayış məntəqələrinin əksəriyyətində heyvan sahibləri qurad xəstəliklərinə qarşı heyvanlara vaxtında veriləcək qurd dərmanını payız aylarında aparmadıqlarına və ya gecikdirdiklərinə görə, qaraciyər qurdları (fassiolalar) heyvanın qaraciyərində çoxalması, öd yollarının tutulması, qaraciyərin zədələnməsi heyvanlar arasında tələfolma hallarına gətirib çıxarmışdır. Eləcə də diktikaulyoz və digər qurd xəstəlikləri heyvanları zəiflətmiş və intoksikasiya nəticəsində heyvanların tələfatına səbəb olub.

Aparılan tədbirlər çərçivəsində təsərrüfat sahiblərinə baytarlıq mütəxəssisləri tərəfindən heyvanlarda aparılacaq profilaktik tədbirlərə dair müvafiq tövsiyələr verilmiş, əməli köməkliklər göstərilmiş, dehelmintizasiya işlərinin və digər baytarlıq tədbirlərinin aparılmasının təşkil edilməsində yaxından iştirak ediblər.

Dövlət Baytarlıq Nəzarəti Xidməti təsərrüfat sahiblərinin bir daha nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə-profilaktik tədbirlər aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalı və zootexniki normalara uyğun qidalarla təmin edilməlidir. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, heyvan sahibinin hesabına aparılacaq baytarlıq tədbirləri, o cümlədən qurd xəstəlikləri əleyhinə tədbirlər baytar həkiminin məsləhət və nəzarəti altında aparılsın.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada epizootik vəziyyət sabitdir və vəziyyətə nəzarət olunur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/190171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR