Martın 4-də valideyn himayəsindən məhrum olmuş Yasəmən
və İbrahim Abzotovların toy mərasimi keçirilib. Mərasim
Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil
olunub.
Valideyn himayəsindən məhrum olan İbrahim və Yasəmən Nizami
rayonundakı 1 saylı uşaq evində böyüyüblər. Elə onların məhəbbət
hekayələri də burada başlayıb.
“Heç bir uşaq dövlət himayəsindən kənarda qalmamalıdır və uşaq
dövlətin himayəsinə götürüləndən sonra o, kimsəsiz deyil, o, bizim
uşaqdır, dövlətin uşağıdır, Azərbaycanın uşağıdır”. Fond ulu öndər
Heydər Əliyevin bu fikrini fəaliyyətində hər zaman rəhbər tutaraq
valideyn himayəsindən məhrum olan uşaqların təlim-tərbiyəsini,
onların təhsilini daim diqqətdə saxlayır. Fondun prezidenti
Mehriban Əliyeva, vitse-prezidenti Leyla Əliyeva tez-tez uşaq
evləri və internat məktəblərində olur, onların gündəlik qayğıları,
təlim-tərbiyələri, təhsilləri, asudə vaxtlarının təşkili ilə
maraqlanır və dəstək olurlar. Bütün görülən işlər və qayğı
nəticəsində artıq Heydər Əliyev Fondu bu uşaqlar, yeniyetmələr üçün
bir ailəyə çevrilib. Fondun prezidenti Mehriban Əliyeva uşaq
evlərində məskunlaşan gənclərə əsl ana qayğısı göstərir və bu
münasibət yalnız onlar uşaq evlərində məskunlaşdıqları müddətdə
deyil, həmin müəssisələrdən ayrıldıqdan sonra da davam edir. Belə
ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə valideyn himayəsindən məhrum olan və uşaq evlərində böyüyən
gənclər üçün Abşeron və Nizami rayonlarında yaşayış binaları inşa
edilib. Həmçinin bu gənclərin işlə təmin edilməsi məsələsi də
diqqətdə saxlanılır.
Heydər Əliyev Fondunun əməkdaşlarının müxtəlif bayram və əlamətdar
günləri də uşaq evlərində məskunlaşan uşaqlar, gənclərlə birlikdə
qeyd etmələri artıq bir ənənədir.
Bu gün isə Heydər Əliyev Fondu öz ailə üzvlərindən iki gəncin toy
mərasimini təşkil edərək, cavanların ən əlamətdar günlərini onlarla
birlikdə keçirir.
İbrahim Abzotovla on yeddi ildir dostluq etdiyini deyən Hicran
Novruzov gənclərə ailə səadəti arzulayıb: “İbrahim fəal, savadlı və
mərd bir oğlandır. Onu 11 yaşından tanıyıram. Bu müddətdə İbrahimlə
aramda çox möhkəm dostluq yaranıb. Mən bu dostluqdan məmnunam.
Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevaya valideyn himayəsindən məhrum olan
uşaqlara göstərdiyi bu dəstəyə görə minnətdaram”.
Qeyd edək ki, İbrahim Abzotov 1989-cu ildə Bakıda doğulub. Kiçik
yaşlarından valideyn himayəsindən məhrum olan İbrahim Nizami
rayonundakı 1 saylı uşaq evində böyüyüb.
Məktəb illərində İbrahim Abzotovun nizam-intizamlı, savadlı və
sağlam düşüncəli bir şagird olduğunu bildirən Elçin Abbasov
İbrahimlə bir yerdə oxuyub. Sinif yoldaşına ən xoş arzularını
çatdıran E.Abbasov deyib: “Azərbaycanın Birinci vitse-prezidenti və
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlığımızı
bildirirəm. Onlar valideyn himayəsindən məhrum olmuş uşaqlara hər
zaman diqqət və qayğı ilə yanaşırlar. Bugünkü gün də bu qayğının,
diqqətin daha bir göstəricisidir. Ölkəmizdə gənclər, o cümlədən
valideyn himayəsindən məhrum olanlar üçün hər cür şərait
yaradılıb”.
Yasəmən Abzotova 1994-cü ildə Bərdə rayonunun Alaçadırlı kəndində
dünyaya gəlib. 2001-ci ildən valideyn himayəsindən məhrum olub.
Nizami rayonundakı 1 saylı uşaq evində təlim-tərbiyə alıb. 2012-ci
ildə Nizami rayonu 220 saylı məktəbi bitirən Yasəmən Azərbaycan
Dillər Universitetinin beynəlxalq münasibətlər fakültəsinə daxil
olub.
Yasəmən Abzotova ilə Azərbaycan Dillər Universitetində birgə təhsil
alan Türkan Qurbanzadə ən yaxın rəfiqəsinə xoşbəxtlik və ailə
səadəti arzulayıb: “Azərbaycanın Birinci vitse-prezidenti və Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya valideyn himayəsindən
məhrum uşaqlara, gənclərə göstərdiyi dəstəyə görə sonsuz
minnətdarlığımı bildirirəm. Bu gənclərin qayğıya böyük ehtiyacları
var”.
Nizami rayonu 1 nömrəli uşaq evinin direktoru Nərminə Zöhrabova
yeni ailə quran gənclərə xoşbəxtlik, gələcək ailə həyatlarında
uğurlar diləyib: “Bilirsiniz ki, fəaliyyətə başladığı gündən Heydər
Əliyev Fondu və Fondun prezidenti Mehriban Əliyeva valideyn
himayəsindən məhrum olan uşaqların təlim və tərbiyəsi
istiqamətində, eləcə də ölkəmizdə təhsil və sosial sahələrdə
çoxsaylı tədbirlər reallaşdırıb. Valideyn himayəsindən məhrum olan
uşaqlara hər zaman xüsusi qayğı ilə yanaşıb. Mehriban Əliyeva
ölkəmizdəki uşaq evlərinin fəaliyyətini daim diqqətdə saxlayır.
Bugünkü toy mərasimi bir daha göstərir ki, ölkəmizdə hər bir
vətəndaşın, hər bir gəncin arxasında Azərbaycan dövləti
dayanır”.
Yeri gəlmişkən, Yasəmən 2016-cı ildə universiteti bitirdikdən sonra
Heydər Əliyev Mərkəzində çalışır. İbrahim isə təhsilini başa
vurduqdan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyində işlə təmin olunub.
Ailə quran gənclər Nizami rayonunda Heydər Əliyev Fondunun
təşəbbüsü ilə valideyn himayəsindən məhrum olan gənclər üçün inşa
edilmiş yaşayış binasında mənzillə də təmin edilib.
Toy mərasimində bəylə gəlinə Azərbaycanın Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından
avtomobil hədiyyə olunub.