Mətbuat Şurası "APAsport"u təbrik etdi

Mətbuat Şurası "APAsport"u təbrik etdi
10:49 5 Mart 2017
80 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Mətbuat Şurasının «APAsport.az»ı 10 illik yubileyi münasibəti ilə təbrik edib. Lent.az xəbər verir ki, təbrik məktubunda deyilir:

 

“Martın 5-də Azərbaycanın ən böyük idman portalı olan «APAsport.az»ın fəaliyyətə başlamasından 10 il ötür. Bu münasibət ilə onun yaradıcı kollektivinin hər bir üzvünü təbrik edir, uğurlar arzulayırıq.

 

10 il öncə internet media resursları ictimaiyyətə indiki qədər tanış olmayan institut idi.  «Apasport.az» məhz belə bir dövrdə yarandı və sanki cığır rolunu oynadı. O, eyni zamanda ümumilikdə idmana peşəkar yaradıcı yanaşma gətirdi. Portalın təqdimatlarında bu sahənin əhatəliliyi və dolğunluğu vurğulandı. İdmanın elə bir istiqaməti olmadı ki, «APAsport.az» oraya nüfuz etməsin.

 

Operativ xəbərlər, geniş təhlillər, tanınmış idman xadimlərinin örnək səciyyə daşıyan həyat yollarının ictimaiyyətə çatdırılması, foto-sessiyalar, video-reportajlar, dünyada baş verən yenilklərin işıqlandırılması - «APAsport.az»ın fəaliyyət dairəsini sadalamaqla bitmir. Belə dəst-xətt portalın oturuşmuş mövqeyini təsdiqləyir.

 

İdman sahəsində fəaliyyət göstərən media resurslarının sayının kifayət qədər çox, rəqabətin güclü olduğu hazırkı dövrdə əldə etdiyi yüksək statusu saxlamaq və getdikcə yüksəlmək sıradan məsələ deyil. Hesab edirik ki, «APAsport.az» 10 illik fəaliyyəti ilə yalnız bunun üçün deyil, uzun müddətli gələcək üçün də möhkəm təməl yaradıb.

 

«APAsport.az» praktik jurnalistika məktəbidir. Burada idman ixtisaslaşmış struktura malikdir. Portal böyük APA ailəsinin layiqli üzvü kimi çıxış etməklə müasir jurnalistikamızın inkişafına töhfəsini verməkdədir. Hesab edirik ki, əlamətdar gün münasibəti ilə  «APAsport.az»a ünvanlanmış təbriklər bu ailənin rəhbərliyinin və hər bir üzvünün sevincidir.

 

Əziz dostlar, yaradıcılıq uğurlarından qidalanan sevincləriniz bol olsun. Bir daha hər birinizi «apasport.az»ın fəaliyyətə başlamasının 10 illiyi münasibəti ilə təbrik edirik. Arzu edirik ki, daha böyük rəqəmli yubileylərinizi gətirəcək yaradıcılıq yolunuz daim açıq olsun!”

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269136

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR