Üzü isti, yoxsa soyuq su ilə yumalıyıq?

"Üzünüzü yuyacağınız suyun temperaturu dəri tipinizə uyğun olmalıdır, əks halda dəriniz zərər görəcək”.

Bunu Metbuat.az-a açıqlamasında dermatoloq Şikar Hüseynov deyib. O qeyd edib ki, Üzü gün ərzində 2-3 dəfədən artıq yumaq məsləhət deyil:

"Üz yumaqda məqsədimiz dərimizin təmizlənməsi, məsamələrin açılması və dərinin yumşaldılmasıdır. Dəri tipindən və mövsümdən asılı olaraq üzünüzü yuyacağınız suyun temperaturu da dəyişir. Dəri tipi dedikdə, normal, yağlı, quru, həssas və qarışıq tiplər nəzərdə tutulur".

Həkimin sözlərinə görə, quru dəri tipli insanlar soyuq havalarda uzun müddət üzünü soyuq su ilə yusa, dəridə quruluq artacaq, çatlamalar meydana gələcək və dərinin qidalanması pozulacaq. Çünki həm soyuq hava, həm də soyuq su qan damarlarını daraldır. Uzun müddət davam etdikdə isə, dərimizin qan dövranı pozulur, dəri solğunlaşır və qırışlar meydana gəlir. Buna görə də, quru, normal və həssas dəri tipli insanlar soyuq fəsillərdə üzünü ilıq suyla yumalıdır:

"Yağlı dəri tipli insanlar ilin isti fəsillərində üzünü isti suyla yuduğu zaman, dəridə qan damarları genişlənir, qan dövranında durğunluq yaranır. Bir müddət sonra isə üzdə davamlı qalan qızartıya və kapilyarların görünməsinə (kuperoz) səbəb olur. Yağlı dəri tipli insanlar üzünü ilin isti fəsillərində soyuq su ilə yumalıdır".

Su cod olduqda dərinin qıcıqlanmasına, qurumasına və təravətini itirməsinə səbəb olur. Evdə istifadə olunan kran suyu cod sudur. Buna görə də, cod suyu yumşaltmaq üçün 1 litr suya yarım çay qaşığı soda əlavə edib üzünüzü yuyun. Beləcə, dəriniz yumşaq və təravətli olacaq.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR