Alim Qasımov BANM-də konsert verib

Alim Qasımov BANM-də konsert verib
11:22 6 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) dünya şöhrətli tanınmış muğam ifaçısı, “Şöhrət” ordenli Azərbaycanın xalq artisti Alim Qasımovun Ali Məktəbin tələbə və müəllim heyəti ilə yaradıcılıq görüşü keçirilib.
Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə A.Qasımovla birlikdə ailə üzvləri və yaradıcı kollektivi də iştirak ediblər. Görüş görkəmli muğam ustasının həyat və yaradıcılığına həsr olunan video çarxın nümayişi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan BANM-in rektor Elmar Qasımov A.Qasımovu Azərbaycan səhnəsinin, muğam ifaçılığının əfsanəsi adlandıraraq dahi sənətkarın həyat və yaradıcılığından danışıb: “Muğam sənətini Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Yaponiya, İran və ABŞ kimi ölkələrdə təmsil edən sənətçimiz bütün dünyaya Azərbaycan muğam sənətini tanıdaraq milli musiqimizin və mədəniyyətimizin dünyaya yayılması istiqamətində əvəzsiz xidmətlər göstərib. Məhz bu fəaliyyətinə görə Alim Qasımov bir çox mükafatlara layiq görülüb”.
“Alim Qasımov Azərbaycan muğamının, milli musiqi mədəniyyətinin fəxridir”- deyən rektor E.Qasımov görkəmli ustadı ABŞ-ın Geogetown Universiteti və İordaniyada yerləşən İslami Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında 4 azərbaycanlıdan biri olduğunu da nəzərə çatdırıb. 
Rektor xanəndənin uğurlarından söz açaraq Azərbaycan muğamının UNESCO səviyyəsində məşhurlaşmasında onun əməyinin təqdirəlayiq olduğunu söyləyib.
BANM-in müəllimlərini və tələbələrini salamlayaraq A.Qasımov bu cür görüşlərin onun üçün böyük məsuliyyət və şərəf olduğunu bildirib: “Mən hesab edirəm ki, belə görüşlər ölkənin bütün ali təhsil müəssisələrində ənənəvi olmalıdır. Çünki bizim kimi həyatlarını yaradıcılığa həsr etmiş insanların - musiqiçilərin, rəssamların, aktyorların - təcrübəsinə və söhbətlərinə gənclərin çox böyük ehtiyaci var”.
Dünya şöhrətli muğam ifaçısı öz gənclik və tələbəlik illərindən, bir müğənni kimi formalaşmasından, sənət yollarındakı çətinliklərdən, dünyada Azərbaycan muğamının tanıdılması sahəsində görülən işlərdən, səhnə arxası rast gəldiyi maraqlı hadisələrdən danışıb. Görüş zamanı tanınmış sənətkar müəllim və tələbələrin çoxsaylı suallarını cavablandırıb.
Sonra A.Qasımov və qızı Fərqanə Qasımova onları müşayiət edən ansamblın iştirakı ilə muğamlardan və xalq mahnılarından parçalar ifa ediblər.
Tədbirin sonunda BANM-in rektoru E.Qasımov maraqlı və mənalı söhbətə görə tanınmış qonağa səmimi təşəkkürünü bildirib və ona xatirə hədiyyəsini təqdim edib.





Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/alim-qasimov-banm-de-konsert-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR