Deputat: "Valideynlər deyirlər ki, uşaqlar internet klubdan çox aqressiv qayıdırlar"

Deputat: "Valideynlər deyirlər ki, uşaqlar internet klubdan çox aqressiv qayıdırlar"
12:17 6 Mart 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında" yeni hazırlanmış qanun layihəsi müzakirəyə çıxarılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, komitənin sədri Aqiyə Naxçıvanlı bildirib ki, qanun layihəsi 5 fəsil 23 maddədən ibarətdir. Layihədə informasiya məhsulları və bu məhsulları qəbul edən şəxslərin yaş qrupları təsnifatlandırılır. Layihədə informasiya məhsullarının dövriyyəsinə aid ümumi tələblər, informasiya məhsulunun nişanı, infromasiya məhsulunun televiziya və radio yayımı vasitəsilə yayımlanmasına görə tələblər, məlumatın informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə yayılmasının xüsusiyyətləri, uşaqlar üçün qadağan olunmuş informasiya məhsullarının dövriyyəsinə əlavə tələblər əksini tapıb.

Bu qanun layihənin qəbulunu olduqca vacib sayan A.Naxçıvanlı qeyd edib ki, bəzən valideynlər uşaqlarını internet klublara göndərirlər. Lakin uşağının orada nələrə baxması barədə məlumatlı olmurlar: "Hətta bəzən valideynlər deyielər ki, uşaq internet klubdan çox aqressiv qayıdır. Ona görə də valideynlər mütləq uşaqlarının internet klublarda nələrə baxmaları ilə maraqlanmalıdırlar".

Komitənin üzvü Dilarə Cəbrayılova KİV-lərin uşaqlarla bağlı bəzi məlumatların yayılmasında çox diqqətli olmasını vacib sayıb: "Son vaxtlar uşaqlar arasında intihar halları artıb. Lakin xəbər saytları durmadan intihar halları barədə məlumatlar verirlər. Bəzi informasiyalar isə uşaqlarda narkotikaya meyl yaradır. Bəzən hansısa TV-də uşağın üzünü örtməklə onun haqqında elə geniş məlumatlar verirlər ki, onun ailəsi həmin uşağa görə yaşayış yerini dəyişməyə məcbur olur. Buna görə də belə məsələlərlə bağlı çox diqqətli olmaq lazımdır".

Komitə üzvü Ağacan Abıyev hesab edib ki, proqramlar üzərində yaş kateqoriyası üzrə işarələnmə aparılmalıdır. Onun fikrincə, lakin bəzi valideynlər bu işarələnmənin mahiyyətini başa düşmədiklərindən onun izahı xüsusi titrlərlə qeyd edilməlidir.

İclasda layihənin rəy və təkliflər nəzərə alınmaqla, yenidən komitədə müzakirəyə çıxarılması qərara alınıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/523610.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR