Bakıda Nikolay Baybakovun büstü açılıb

Bakıda Nikolay Baybakovun büstü açılıb
14:22 6 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ Bu gün Bakı şəhərinin Sabunçu rayonunda yerləşən 67 nömrəli tam orta məktəbin ərazisində dünya şöhrətli neftçi Nikolay Konstantinoviç Baybakovun büstünün açılış mərasimi keçirilib.
“Report” xəbər verir ki, mərasimdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə, kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov, Rusiyanin Azərbaycandakı səfirliyinin nümayəndələri və digər şəxslər iştirak ediblər.
Mərasimdə çıxış edən X.Yusifzadə N.Baybakovla bağlı xatirələrindən, onun neft sənayesindəki xidmətlərindən bəhs edib.
Qeyd edək ki, N.K.Baybakov 6 mart 1911-ci ildə Bakının Sabunçu kəndində neftçi ailəsində anadan olub. 1932-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə Azərbaycan Neft İnstitutunun neft-mədən fakültəsini bitirərək, Bakı şəhərinin neft mədənlərində işləyib.
N.Baybakov 1940-cı ildən SSRİ xalq neft sənayesi komissarının müavini, 1944-cü ildən komissarı, 1946-1948-ci illərdə SSRİ-nin cənub və qərb rayonları neft sənayesinin naziri, 1948-1955-ci illərdə SSRİ neft sənayesi naziri, 1955-1957-ci illərdə SSRİ Nazirlər Soveti Dövlət Plan Komitəsinin sədri, 1957-1958-ci illərdə RSFSR Dövlət Plan Komitəsinin sədri, 1958-1963-cü illərdə Krasnodar, sonra Şimali Qafqaz iqtisadi rayonları xalq təsərrüfatı şuralarının sədri, 1963-1964-cü illərdə SSRİ Dövlət Plan Komitəsi yanında Dövlət Kimya Komitəsinin sədri, 1964-1965-ci illərdə isə Dövlət Neftçıxarma Komitəsinin sədri vəzifələrində çalışıb. O, 1965-ci ildən 1985-ci ilə qədər SSRİ Dövlət Plan Komitəsinin sədri – SSRİ Nazirlər Soveti sədrinin müavini işləyib, bu vəzifədən azad edildikdən sonra 1988-ci ilədək SSRİ Nazirlər Soveti yanında dövlət müşaviri olub.
N.Baybakov neft sahəsində bir sıra səmərəli təkliflərin, o cümlədən “Baybakov üsulu”nun müəllifidir.
Lenin Mükafatı laureatı, Dövlət Mükafatları laureatı və bir çox mükafatlar almış N.Baybakov müstəqil Azərbaycanın ali mükafatlarına – “Şöhrət” və “İstiqlal” ordenlərinə də layiq görülüb.
O, 31 mart 2008-ci ildə - 97 yaşında vəfat edib.

















Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bakida-nikolay-baybakovun-bustu-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR