Göyçayda 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu salınır

Göyçayda 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu salınır
14:57 6 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycanın Göyçay rayonunda Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib. "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, bu yol əvvəllər torpaq və çınqıl örtüklü olduğundan xüsusən payız-qış mövsümündə avtonəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində müəyyən çətinliklər yaradırdı.
Qeyd olunur ki, IV texniki dərəcəyə uyğun yenidən qurulan yolun ümumi uzunluğu 17 km-dir. Salınacaq yolun ikihərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə yolun çiyinlərinin eni isə 2 metr təşkil edəcək. Yenidənqurma işləri zamanı sözügedən yol 6-7 metrdən 10 metrə qədər genişləndirilir.
Hazırda yolboyu torpaq işləri görülür, yol yatağı və yol əsası inşa edilir. Torpaq işləri bitdikdən sonra yola 2 qat asfalat- beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə 12 sm olmaqla yolun 100 min kv. metrdən çox ərazisinin asfatlanması nəzərdə tutulub.
Layihə çərçivəsində suların ötürülməsi üçün 55 yerdə müxtəlif diametrli suötürücü borular quraşdırılacaq, mövcud 1 avtomobil körpüsü isə əsaslı şəkildə bərpa ediləcək. Tikinti işləri bitdikdən sonra isə yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə 37 ədəd yol nişanı qoyulacaq, yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.
Tikinti işləri texnoloji ardıcıllığa riayət olunmaqla “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Qeyd edək ki, Göyçay rayonu Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun yenidən qurulması 6 yaşayış məntəqəsinin sakinlərinin Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat, maneəsiz və təhlükəsiz şəkildə çıxışını təmin etməklə, yük və sərnişin daşımasını xeyli asanlaşdıracaq.






Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/goycayda-6-yasayis-menteqesini-birlesdiren-avtomobil-yolu-salinir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR