TAP-ın Yunanıstan meneceri: “Boru kəmərinin tikintisi 2018-ci ilin sonunda tamamlanacaq”

TAP-ın Yunanıstan meneceri: “Boru kəmərinin tikintisi 2018-ci ilin sonunda tamamlanacaq”
15:17 6 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Adriatik Boru Kəmərinin Yunanıstan ərazisindən keçən hissəsində işlər qrafikə uyğun olaraq irəliləyir.
“Report” “Energypress”ə istinadən xəbər verir ki, bunu TAP-ın Yunanıstan üzrə ölkə meneceri Rikard Skufias bildirib.
O qeyd edib ki, Evros regionu, eyni zamanda Rodopi və Serres ərazilərində 90 km borular döşənib.
TAP rəsmisi qeyd edib ki, boru kəmərinin tikintisi işlərinin 2018-ci ilin sonuna tamamlanması planlaşdırılır.
“2020-ci ildə TAP-ın tam olaraq əməliyyata başlaması üçün planımız 2018-ci ildə boru kəmərinin tikintisini tamamlamaq və 2019-cu il ərzində testlər aparmaqdır”, - deyə o bildirib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə ilkin olaraq "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq.
"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.
İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr "mavi yanacaq" Avropaya çatdırılacaq. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/tap-in-yunanistan-meneceri-boru-kemerinin-tikintisi-2018-ci-ilin-sonunda-tamamlanacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR