Şəhid oğulların doğulduğu evlər...

Şəhid oğulların doğulduğu evlər...
15:59 6 Mart 2017
107 Digər
Ölkə mətbuatı
A- A+

 

Kəndin ucqarında olar şəhid oğulların doğulduğu evlər. Yerdən heç bir qarış da yuxarı olmaz, dirəyi  əyri ağaclardan olar, suvağı palçıqdan.  Otaqları bir-iki göz olar. Evin divarını altdan yuxarı torpağın şoru yeyər, ovular, tökülər toz - toz. Üstü qamışlı, pəncərəsi qırıq şüşələr, qırıq şüşələrin yerinə balaca döşəkçələri basarlar. Az qalır yıxıla, güclə dayanır ayaq üstə belə evlər. Üst-başından kasıblıq yağır şəhid oğulların doğulduğu evlərin. Qapıda zəncirdə iti olar, o da yorğun-arğın, ümidsiz-ümidsiz hürər. Hürdükcə başından zənciri çıxarmaq istər.

 

İkimərtəbəli olmaz şəhid oğulların doğulduğu evlər. Qapısında xarici maşınlar dayanmaz. Olsa-olsa, qapısında traktor olar, o da 3 təkərli, arxa təkərləri yamaq-yamaq. Üst-başı mazut-mazut...

 

Şəhid oğullarının doğulduğu evlərin görünüşü adamın ürəyinə dağ çəkər. Rəngli televizoru olmaz. Olsa-olsa, ağ-qara olar, ya da köhnə maqnitofon, içində Sücayətin  şeirləri, saz havaları, “Ruhani”, “Baş sarıtel”, “Ana ürəyi, “Ata” mahnısı.

 

Ataları yorğun olar şəhid oğullarının.  Ya çoban olarlar, ya suçu. Əlləri qabarlı, gözləri yorğun, söykənərlər cəbhədən əsən küləyə. Gülək iri, arıq çiyinləri yıxmaq istər. Ata küləyi itələyər. Külək atanı ağzında aparar. Axırda cəbhədən əsən külək yıxar şəhid oğulların atalarını. Atalar yıxıldımı, külək sel kimi daşıb balaca kərpic evləri ağzına alar, qapını cəftəsindən çıxarar, olub-qalan şüşələri də sındırar. Külək ağlayırmış kimi hirslə  döyər balaca evləri, uçurmaz. Amma uçursa, ondan yaxşıdır.

 

Ananı, bacını hönkür-hönkür ağladar cəbhədən əsən külək. Arvadı görər ki, əri  cəbhədən əsən küləyin ayaqları altına yıxılıb, qalxmaq istəyir, qalxa bilmir. Oğlu cəbhəyə gedəndən vaxt ucbatından qırxmadığı saqqalını külək bir an içində ağardır. Külək qadını da yıxır, qadın “uf” demədən uzanır ərinin ağrılı böyrünə, sancılı ürək tərəfinə. Üzünü düz qabarlı əllərinə söykəyir qadın.

 

Külək bahalı maşınları qapıya tökər. Şəhərdən adamlar gələr. Külək rayon hərbi komissarını, icra başçını qapıya gətirər. Hamı baxır, baxır qamış və palçıqdan tikilən  evə... Bir az adamlar utanır. Traktoru sürüyüb kənara çəkirlər. Qapıya bir maşın qum tökürlər. Həyat-bacanı sahmana salırlar. Amma külək hələ də əsməyindədir...

 

Çox keçmir ki, cəbhədən əsən külək darvazası olmayan həyətə gözəl, yaraşıqlı bir tabut salır. Tabutu gətirən kimi külək bir anda kəsir, sovrula-sovrula gedir səngərə.

Ev o qədər köhnədir ki, heç tabuta yaraşmır. Belə yaraşıqlı tabut ancaq villalar üçün ola bilər. Amma heç vaxt villaların içdən və çöldən bağlı qapılarına şəhid tabutları daxil ola bilmir.

 

Tabut uçuq, suvaqsız, televizorsuz evə yaraşıq verir. Azərbaycan bayrağı evi elə təzələyir ki, şəkilçəkənlər o anı çəkməkdən ötrü hətta dizlərini qatlayırlar.

 

Xarici maşınların yanında köhnə, mazutlu traktor utanır. İt hürür, şəhid məclisinə heç yaraşmır bu səs. Evi pis göstərir. Ona görə də şəhidin bibisi itin zəncirini açıb, lap uzaqdakı iydə ağacına bağlayır. Yaxşı deyil, it səsi şəhid haqqında deyilən xoş sözlərə mənfi çalar qatır və ya yaxşı eşidilməyə qoymur.

 

Şəhidin kiçik bacıları evin içindən totuq üzlərini və burunlarını pəncərənin hələ qırılmayan şüşələrinə söykəyib çölə baxırlar. Düşünürlər ki, onların palçıqlı həyət-bacaları heç vaxt belə yaraşıqlı olmayıb. Toydu bəlkə. Qonşu toylarına belə çox qonaq-qara, xarici maşınlar gəlirdi həmişə.

 

Köhnə, qamış və palçıqdan tikilmiş  ev utandığından yerə girmək istəyir. Ata-ananın qabarlı əlləri yaraşıqlı tabutu qucaqlayıb.

 

Şəhid oğulların doğulduğu köhnə evlərə üstü Azərbaycan bayraqlı tabutlar yaman yaraşır.

 

Bunu mən demədim, itin zəncirini aparıb lap uzaqdakı iydə ağacına bağlayan, üzünü yeddi yerdən cıran şəhid bibisi dedi.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269227

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR