​Dolların ucuzlaşması qiymətlərə niyə təsir etmədi?

Dollar bahalaşdıqca, paralel olaraq ərzaq məhsulları da bahalaşmağa başladı. Lakin dolların ucuzlaşması qiymətlərə təsir etmədi.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Metbuat.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:

“Dünya bazarında nəyinsə qiyməti artanda, Azərbaycanda da artır. Amma qiymətlər enəndə, bizdə enmir.Yəni, Azərbaycan bazarı əslində dünya bazarı kimi inteqrasiya olunmuş liberal bazar deyil. Liberal bazar dünyadakı qiymət siyasəti və dollar siyasətinə cavab verir. Azərbaycanda isə bu yoxdur”.

İqtisadçı Vüqar Bayramov isə bildirdi ki, manat möhkəmlənən və ya dollar manata nisbətən ucuzlaşan zaman sahibkarlar 1 aydan sonra qiymət azalmalarının olacağını demişdilər. 1 ay arxada qaldı, amma hələ də qiymətlərdə eniş yoxdur:

“Xüsusən də, idxal olunan malların qiymətinin enməməsi və ya enidirlməməsi təəccüb doğurmaya bilməz. Əvvəlki günlərdə anbarlarda məhsulların olması bəhanə gətirilirdisə, artıq bu arqument də işləmir. Digər tərəfdən, xeyli sayda ərzaq məhsullarının saxlama müddəti günlərlə ölçülür. Maraqlıdır ki, dollar manata nisbətən möhkəmlənən zaman məhsulların qiymətini artıran sahibkarlar indi nədənsə qiyməti aşağı salmaq haqda düşünmürlər. Mart ayının bayramlar ayı olduğunu da nəzərə alsaq, sahibkarların qiymət endirimlərində maraqlı olmayacağını proqnozlaşdırmaq çətin deyil. Hətta əvvəlki illərin təcrübəsi göstərir ki, bayramlar zamanı qiymətlərin azalması deyil, artımı müşahidə edilir. Bazar qaydaları çərçivəsində monitorinqlərin gücləndirilməsinə ehtiyac var ki, qiymət azalmaları gözləyən istehlakçılar əksinə yeni qiymət artımları ilə üzləşməsinlər”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR